Xəbər lenti

Rusiya ucuz işçi qüvvəsi üçün yeni mənbə tapıb: İnsanları hansı ölkədən cəlb edirlər?
Dünya 21:50 11.02.2026

Rusiya ucuz işçi qüvvəsi üçün yeni mənbə tapıb: İnsanları hansı ölkədən cəlb edirlər?

Rusiyada ciddi işçi çatışmazlığı müşahidə olunur. Yerli hakimiyyət bildirir ki, ölkə iqtisadiyyatı üçün ən azı 2,3 milyon işçiyə ehtiyac var və bu vəziyyət Ukraynaya qarşı müharibə səbəbindən daha da pisləşir.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Rusiya üçün ənənəvi xarici işçi qüvvəsi mənbəyi – Mərkəzi Asiya ölkələrinin vətəndaşları – tələb olunan boş yerləri doldura bilmir. Buna görə Moskva yeni mənbəyə – Hindistana müraciət edir.

Hind işçilərinin axını Kremlin işçi çatışmazlığını kompensasiya etməyə kömək edir. 2021-ci ildə, Rusiya Ukraynaya hücum etmədən bir il əvvəl, hind işçiləri üçün təxminən 5 000 iş icazəsi verilib. Keçən il isə Hindistandan olanlara təxminən 72 000 icazə verilib ki, bu da illik miqrant işçi kvotasının təxminən üçdə birini təşkil edir.

Hazırda Hindistandan gələn işçilər Rusiya üçün ən çox tələbat olan qrupdur. Eyni zamanda keçmiş sovet Mərkəzi Asiya ölkələrinin vətəndaşları, vizasız gəlsələr də, kifayət qədər sayda gəlmir. Rəsmi məlumatlara görə, keçən il bu ölkələrdən olanlar hələ də təxminən 2,3 milyon qanuni xarici işçinin əksəriyyətini təşkil edirdilər.

Lakin rublun zəifləməsi, sərt miqrasiya qanunları və Rusiya siyasətçilərinin miqrantlara qarşı sərt ritorikası onların sayını azaldıb və Moskvanı digər ölkələrdən işçi qəbul kvotalarını artırmağa məcbur edib.

Hindistanın ixtisas tələb etməyən işçi qüvvəsi üçün seçilməsi Moskva və Yeni Dehli arasındakı güclü iqtisadi və müdafiə əlaqələrini əks etdirir. Hindistan yaxınadək Rusiyanın neftini endirimli qiymətlərlə alırdı, hansı ki, Moskva Qərb sanksiyaları səbəbindən başqa yerlərdə asanlıqla sata bilmir.

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi dekabr ayında hind işçilərin Rusiyada işləməsini asanlaşdıran razılaşma imzalayıblar. Rusiya Birinci vitse-premyeri Denis Manturov həmin vaxt bildirib ki, ölkə "həddən artıq” hind işçisini qəbul edə bilər. Onun sözlərinə görə, istehsalatda ən azı 800 min işçiyə, xidmət və tikinti sahələrində isə əlavə 1,5 milyon işçiyə ehtiyac var.

Eyni zamanda, Rusiya Milli Əmanət Fondu, hansı ki, Vladimir Putin tərəfindən hərbi xərclərin ödənilməsi üçün aktiv şəkildə istifadə olunub, bir il ərzində tam tükənə bilər. Böyük hücumdan əvvəl fondun aktivləri 113 milyard dollar təşkil edirdi.

Moskva bu il neft satışından xeyli gəlir itirə bilər. 2026-cı il büdcəsində neftin qiyməti 59 dollar səviyyəsində nəzərdə tutulsa da, dekabrda Urals markalı bir barelin orta qiyməti 39 dollar olub.

Aydın

--> -->