Rus işğalının başlanmasından altı ay keçib. Britaniyanın "The Guardian” qəzeti müharibənin növbəti altı ayı üçün beş proqnoz dərc edib.
Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər
verir.
Proqnozun birinci bəndinə görə, müharibənin ən azı bir il davam edəcəyi ehtimal edilir. Bununla belə, müharibə mahiyyətcə dalana dirənib və intensivliyi getdikcə azalır.
Materialda qeyd edilir ki, müharibənin yarım ili keçib, lakin nə Ukrayna, nə də Rusiya verilən itkilərə baxmayaraq, hərbi əməliyyatları dayandırmağa hazır deyil. Ukrayna işğal etdiyi ərazilərini qaytarmaq, Rusiya isə təkcə düşməninə deyil, dolayısı ilə Qərbə də ziyan vurmaqda davam etmək istəyir. Eyni zamanda, Kreml qışın onun əlinə oynayacağına əmindir.
Kiyevin şimalında Rusiya tərəfindən işğal olunmuş ərazilərdə Buça, İrpen və başqa yerlərdə qırğınların sübuta yetirilməsindən sonra iki tərəf arasında heç bir danışıqlar aparılmayıb. Lakin iyunun sonunda Lisiçanskın süqutundan sonra cəbhə xəttində hərəkət minimum edib. Hər iki tərəf təşəbbüs üçün mübarizə aparır və getdikcə döyüşdən yorulmuş kimi görünür.
Proqnozun ikinci bəndinə görə, "Ukraynanın effektiv əks-hücum üçün vasitələri yoxdur və partizan basqınları Rusiyanın dağılmasını sürətləndirmək üçün optimist üsuldur”.
Ukrayna Xersonu geri almaq istərdi, lakin yüksək səviyyəli administrasiya rəsmisi özəl olaraq etiraf etdi ki, "bizim onları geri atmaq üçün kifayət qədər imkanımız yoxdur”. Kiyev uzaqmənzilli raket zərbələri və arxa cəbhədəki Rusiya bazalarına cəsarətli xüsusi təyinatlı əməliyyatlarını keçirməklə strategiyasını dəyişib.
Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, məqsəd "Rusiya qüvvələrinin daxilində xaos yaratmaqdır”. Lakin bu, işğalçıların effektivliyini azaltsa da, çətin ki, bəzi Ukrayna rəsmilərinin ümid etdiyi kimi, işğalçıların cəbhəsi öz-özünə dağılsın və Xersonu könüllü təslim etməsinə gətirib çıxarsın.
Proqnozun üçüncü bəndinə görə, Rusiya hələ də irəli getmək istəyir, lakin onun diqqəti çox güman ki, ərazi qazanclarını qoruyub saxlamağa və Ukrayna ərazisini ilhaq etməyə yönələcək.
Kütləvi artilleriya zərbələri ilə şəhərləri məhv etmək və irəliyə doğru getməkdən başqa Rusiyanın yeni hücum planı yoxdur. O, bunu qismən effektiv olduğu üçün və qismən də itkiləri minimuma endirmək üçün edir, bəzi Qərb təxminlərinə görə, ruslar 15.000 itki verib. O, Donbasdakı Baxmut ətrafında bu strategiyanı tətbiq etməyə davam edir, lakin irəliləyiş ləng gedir, belə ki, Xersonu gücləndirmək üçün qüvvələrinin bir hissəsini ora yönəldilməsinə qərar verilib.
Kreml müharibənin əvvəlində ümid etdiyinə nail ola bilməyib, lakin Rusiya hazırda şərqdə və cənubda Ukrayna ərazilərinin böyük bir hissəsinə sahibdir və fəal şəkildə ilhaq referendumlarının keçirilməsindən danışılır. Soyuq havaların yaxınlaşması ilə o, çox güman ki, diqqətini əldə etdiklərini gücləndirməyə yönəldəcək”, - proqnozda deyilir.
Proqnozun dördüncü bəndinə görə, qış yeni qaçqın böhranını sürətləndirəcək və ən yaxşı hazırlıqlı olanlar üçün imkanlar yaradacaq.
Qış hər iki tərəf üçün strateji baxımdan çox vacibdir. Ukrayna artıq humanitar problemlərdən narahatdır, çünki Donetsk vilayətində və digər cəbhəyanı ərazilərdə qaz isitmə sistemi yoxdur. Bir humanitar təşkilat sözçüsü qışda yeni miqrasiya dalğasının olacağını, ehtimal olaraq 2 milyona qədər insanın Polşayla sərhədi keçəcəyini proqnozlaşdırır.
"Ruslar qışı bir fürsət kimi görürlər. Ukrayna qorxur ki, Rusiya enerji sistemini hədəfə almaqla istilik problemini kəskinləşdirə və sadəcə olaraq nəhəng Zaporojye atom elektrik stansiyasını söndürə bilər. Moskva da Qərbin enerji xərcləri ilə bağlı narahatlığını uzatmaq istəyir və təzyiqi gücləndirmək üçün bütün imkanlara malikdir.
Bununla belə, bahar yeni bir hücum üçün münasib vaxt ola bilər, hər bir tərəf ehtiyyatlarını doldurmaq və yeni müharibə mövsümünə hazırlaşmaq istəyəcək.
Proqnozun beşinci bəndinə görə, Qərb Ukraynanın qalib gəlməsini, yoxsa sadəcə ayaqda durmasını istədiyinə dair qərar verməli və humanitar yardımı yaranan böyük ehtiyacla müqayisə etməlidir.
"Qərbin hərbi yardımı olmasaydı, Ukrayna məğlub olardı. Amma indiyə qədər Qərb Kiyevi işğalçıları geri atmaq üçün kifayət qədər artilleriya və ya qırıcı təyyarələr kimi digər silahlarla təmin etməyib. Siyasətçilər Rusiyanın müharibədən əvvəlki sərhədlərə geri atılmasının vacibliyindən danışırlar, lakin Ukraynanı kifayət qədər miqdarda texnika ilə təmin etmirlər”, - məqalədə deyilir.
Eyni zamanda, Ukraynanın humanitar ehtiyacları da artır. Yenidənqurma üçün kifayət qədər pul yoxdur və ruslar çəkildikdən beş ay sonra da Kiyevin şimal-şərqində və şimal-qərbində bir çox evlər dağıdılmış vəziyyətdə qalır, çox vaxt çarəsiz sakinlər qarajlarda və ya müvəqqəti tikililərdə yaşayır.
Məcburi köçkünlər çox vaxt məktəblərdə və ya uşaq bağçalarında, müvəqqəti yaşayış yerlərində yaşamalı olurlar ki, bu da insanların uzun müddət qalmasını çətinləşdirir. Ukraynanın müharibə səbəbindən ayda 5 milyard dollar büdcə kəsiri var və yardım və yenidənqurma işləri bundan qat-qat baha başa gələcək.
Nizami Bağırov