Xəbər lenti

Rusiya-Ukrayna müharibəsinin başqa münaqişə ocaqlarına təsiri necə ola bilər?
Siyasət09:00 11.03.2022

Rusiya-Ukrayna müharibəsinin başqa münaqişə ocaqlarına təsiri necə ola bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə dünyanın bir sıra digər məntəqələrində olan münaqişə ocaqlarının da yenidən alovlanması ilə nəticələnə bilər. Belə ki, bir sıra dövlətlərin yaranmış "fürsətdən istifadə” edərək qonşuları ilə olan ərazi mübahisələrini həll etmək üçün yenidən silaha sarılmaları gözləniləndir. Dünyanın supergüclərinin diqqəti indiki halda Ukraynaya qarışıb. Bu vəziyyətdə bəzi dövlətlərin gərgin durumda olduqları qonşuları ilə haqq-hesab çürütmək üçün müharibəyə başlamaları istisna deyil. Artıq bunun ilk siqnalları da gəlməkdədir. 
Belə ki, Qırğızıstan-Tacikistan sərhədində sərhədçilər arasında yenidən atışma baş verib. Martın 10-da səhər saatlarında sərhəddə yerləşən Batken regionunda silahlı insident qeydə alınıb. Qeyd edək ki, hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Hər iki dövlətdə Rusiyanın hərbi kontingenti var. Həm Bişkek, həm də Düşənbə öz siyasətlərini əsasən Moskva ilə uzlaşdırır. Belə olduqda, görünür, tərəflər Rusiyanın bütün diqqətinin hazırda Ukraynaya yönəlməsindən istifadə edərək, yaranmış situasiyada bir-birilə münaqişəyə girməklə mövcud mübahisədə daha əlverişli mövqe tutmağı qarşılarına məqsəd qoyublar. 
Ukrayna olayı Moldovanın separatçı Dnestyanı bölgəsilə olan münasibətlərinin münaqişə həddinə qədər gərginləşməsinə də rəvac verə bilər. Kremlin Ukraynanın cənub-qərbini, xüsusən də Odessa şəhərini tutması fonunda Rusiyanın göstərişilə Dnestryanı bölgə separatçılarının da "aktivləşəcəyi” istisna deyil. Bu əsasda həmin bölgədə də hələ də sönməyən "közün üzərinə yenidən benzin atılacaq”. Moskvanın özü də bunda maraqlı ola bilər. Kiyevin ardınca, qərbpərəst siyasət yürüdən Kişinyovu da cəzalandırmaq üçün. 
Cənubi Osetiya və Abxaziya separatçıları da yaranmış vəziyyətdə hərbi baxımdan müəyyən aktivlik nümayiş etdirə bilərlər. Gürcüstan öz hərəkətlərilə Rusiyanın maraqlarına zidd addımlara əsas versə, sözsüz ki, Moskva onu da cəzalandırmaq üçün separatçıları fəaliyyətə keçirə bilər.
Azərbaycan-Ermənistan münaqişəsinə gəldikdə, görünən odur ki, İrəvan da yaranmış məqamdan "bəhrələnmək” eşqinə düşüb. Hətta Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Təlimlər aprelin 15-dən iyunun 15-dək davam edəcək. Habelə son zamanlar sərhəddə və Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində ermənilərin mütəmadi olaraq atəşkəsi pozmaları da göstərir ki, Ukrayna böhranından istifadə edərək bəziləri Cənubi Qafqazda da münaqişəni yenidən alovlandırmaq niyyətinə gəliblər.
Bundan başqa, Şərqi Avropanın bəzi məkanlarında da qığılcımlar alovlana bilər. Söhbət Bosniya və Hersoqovina ilə Kosovodan gedir. İstisna deyil ki, Rusiya Balkanlardakı serbləri də bölgədə hələ də tam həllini tapmayan münaqişələri yenidən alovlandırmağa həvəsləndirsin.
Bir sözlə, Rusiyanın Ukrayna ilə müharibəsi bölgəyə yaxın ətfarlarda da gərginlik atmosferinin artmasına gətirib çıxarır.
Rüfət Sultan