"Müharibəni bitirmək və ya davam etdirmək səlahiyyəti Zelenskinin, hətta Putinin əlində deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Putinin Çinli həmkarına Ukrayna müharibəsinin 5 il davam edəcəyi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.
İbrahim Rüstəmli deyib ki, Ukraynadakı müharibə təkcə Putinlə Zelenski arasında müharibə deyil:
”Dolayısı ilə alt şüurda III Dünya Müharibəsidir. Bu məsələdə təkcə Putin və yaxud Ukrayna Prezidentinin sözü həlledici əhəmiyyət daşımır. Hətta müharibəni bitirmək və ya davam etdirmək səlahiyyəti Zelenskinin üzərində deyil. Bu fikri Rusiya barədə də söyləmək mümkündür. Əraziyə çoxsaylı dövlətlərin müdaxiləsi var. Ona görə Ukrayna müharibəsi yalnız o halda bitə bilər ki, prosesdə iştirak edən dövlətlərin hamısının istəyi üst-üstə düşsün, paralellik yaransın. Bu baş vermədən müharibə 5, hətta 10 il də davam edə bilər. Paralellik yarandığı təqdirdə isə, müharibə 5 günün içində də dayana bilər. İndiki halda isə, Ukrayna məsələsində qeyri-müəyyənlik hökm sürür. ABŞ müharibəyə milyardlarla vəsait köçürüb. Bu mənada müharibənin 5 ay, yaxud 5 ilə bitəcəyini öncədən proqnozlaşdırmaq mümkün deyil. Bunun üçün aydınlaşmalıdır, ABŞ, Rusiya burada öz istəyinə çatıbmı? Ukrayna xalqı öz istəyinə çatıbmı?”
Qeyd edək ki, "Nikkei Asia” nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Szinpinə Ukraynaya qarşı müharibənin 5 il davam edə biləcəyini deyib. "Nikkei” mənbələrinə görə, belə bir xəbərdarlıq bu ilin martında Si Szinpinin Moskvaya səfəri zamanı Putin tərəfindən səsləndirilib. Həmin vaxt Kreml rəhbəri Rusiyanın "ən azı beş il müharibə aparacağını" söyləyib.
Rüfət Sultan