Dünya 12:35 22.05.2023

Rusiya Ukraynaya hücum etmək üçün "elitar" aviasiya qrupu yaradır - Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərəcək "Ştorm” kod adı altında yeni "elitar” hücum aviasiya qrupu yarada biləcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin "Twitter”də dərc olunmuş kəşfiyyat icmalında deyilir.

Nazirliyin məlumatına görə, bölmənin tərkibinə Su-24 və Su-34 qırıcı-bombardmançılarından ibarət ən azı bir eskadrilya, həmçinin hücum helikopterləri eskadrası daxil ola bilər.

Kəşfiyyat qurumunda əlavə ediblər ki, təyyarə növlərinin belə birləşməsi qrupun yer hədəflərinə zərbələr endirməkdə böyük rol oynayacağını göstərir.

Britaniya Müdafiə Nazirliyi Rusiya mətbuatına istinadən qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi böyük pul ödəmələri təklif etməklə yüksək ixtisaslı və motivasiyalı pilotları cəlb etməyə çalışır, həmçinin təqaüddə olan pilotları xidmətə qaytarır. 

"Qrupun yaradılması Rusiyanın öz əsas funksiyasını - Ukrayna cəbhə xəttində hava zərbələri endirməkdə ciddi şəkildə zəif görsənən aviasiya eskadrilyalarını necə qiymətləndirdiyini nümayiş etdirir", - xəbərdə deyilir.

Nizami Bağırov