Xəbər lenti

Rusiya Ukraynaya qarşı elektromaqnit silahlarından istifadə edə bilər - "The Times"
Dünya11:25 11.11.2022

Rusiya Ukraynaya qarşı elektromaqnit silahlarından istifadə edə bilər - "The Times"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusu Ukraynanın mülki və hərbi infrastrukturuna zərbələr endirmək üçün elektromaqnit silahlarından (EMS) istifadə edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır.
Nəşrə görə, bu cür silahlar Rusiya ordusunun arsenalındadır. Keçmiş Pentaqon rəsmisi Rocer Pardo-Mauer "Financial Times”da köşə yazısında yazır ki, əslində, Rusiyanın nüvə təhdidlərinin arxasında EMS zərbəsinə hazırlıq dayana bilər.
EMS zərbəsi kosmosda gücü az olan nüvə partlayışı hesabına baş verə bilər. Partlayış elektrik avadanlıqlarını məhv edə bilən elektromaqnit impuls yaradır.
Britaniya Kral biləşmiş silahlar İnstitutunun analitik mərkəzinin baş elmi işçisi Castin Bronk iddia edir ki, Rusiya da nüvə yükü olmayan EMS döyüş sursatları hazırlayıb, onlar bəzi xüsusi bölmələrdə xidmətdədir və "Sirkon” hipersəs raketlərindən istifadə etməklə çatdırıla bilər.
Ekspertin fikrincə, bu cür silahlardan istifadə ciddi eskalasiya sayılmayacaq və buna görə də Rusiya ilə Qərb arasında birbaşa toqquşma riski daşımır. Rusiya dövlət mediası bu il qeyri-nüvə EMS sursatlarının 10 km-ə qədər atış məsafəsinə malik olduğunu iddia edib.
Eyni zamanda, EMS zərbəsi üçün nüvə yükünün istifadəsi, əhəmiyyətli itkilərin olmamasına baxmayaraq, münaqişənin eskalasiyası hesab ediləcək və real nüvə zərbəsinə səbəb ola bilər, "The Times”a müsahibə verən ekspertlər deyirlər. Belə olan halda Qərb ölkələrinin reaksiyasını proqnozlaşdırmaq çətin olacaq, ona görə də Kreml vəziyyətə nəzarəti itirə bilər. Çox güman ki, belə bir zərbə Ukrayna ilə qonşu olan ölkələrin infrastrukturuna təsir edəcəyi təqdirdə NATO-nun reaksiyasına səbəb ola bilər.
Oktyabr ayında baş verən bombardmanlar zamanı Rusiya qanadlı raketlər və kamikadze dronların köməyi ilə Ukraynanın kritik infrastrukturunu sıradan çıxarmağa çalışıb. EMS zərbəsi tətili eyni şeyi daha böyük miqyasda edə bilər. "Rusiya artıq qışdan əvvəl Ukraynanı viran qoymağa çalışıb, ona görə də mən EMS-dən bu strategiyanın bir hissəsi kimi istifadə etmək imkanını istisna etmirəm", -  hərbi analitik və keçmiş nüvə artilleriya zabiti Frensis Tusa bildirib. 
Rocer Pardo-Mauer öz köşəsində yazır ki, Rusiyanın nüvə təhlükələri əslində elektromaqnit impulsunun istifadəsi anlamına gələ bilər. O qeyd edir ki, döyüş meydanında taktiki nüvə silahından istifadə çətin ki, Rusiya ordusuna üstünlük verəcək, amma EMS Ukrayna infrastrukturunun əhəmiyyətli hissəsinə zərbə vura bilər. Ekspert qeyd edir ki, eyni zamanda, nüvə yüklü EMS zərbəsi Ukraynada döyüşən Rusiya ordusuna da təsir göstərəcək, çünki o, həm də onu rabitəsiz qoyacaq və elektronikanı sıradan çıxaracaq.
Pardo-Mauer əlavə edir ki, Ukraynaya göndərilən hərbi texnikanın əksəriyyəti müəyyən dərəcədə EMS-ə qarşı daxili mühafizəyə malikdir, lakin belə bir zərbə, çox güman ki, Qərbin informasiya sistemlərinin üstünlüyünü heçə endirəcək.
Xatırladaq ki, müharibə başlayandan bəri Putin bir neçə dəfə Rusiyanın Ukraynadakı münaqişədə nüvə silahından istifadə edə biləcəyinə eyham vurub. Məsələn, sentyabr ayında o, "ixtiyarımızda olan bütün vasitələrdən" istifadə etmək imkanından danışarkən "blef etmədiyini" söyləyib. Oktyabr ayında prezident və Müdafiə Nazirliyinin rəhbərliyi Ukraynanın guya "çirkli” nüvə bombasını partlatmağa hazırlaşdığını iddia ediblər.
Qərb ölkələrinin kəşfiyyatı hələ də Moskvadan nüvə zərbəsinə real hazırlıq əlamətləri görməyib.
Nizami Bağırov