Xəbər lenti

Rusiya və ABŞ arasında: Tiflis kimi seçəcək?
Dünya08:14 04.02.2023

Rusiya və ABŞ arasında: Tiflis kimi seçəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın tam zəifləmədiyini nəzərə alsaq, Tiflis balans siyasəti saxlamaqla Moskva ilə münasibətləri müəyyən mənada bərpa edəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev ABŞ Dövlət Departamentinin Rusiya və Gürcüstan arasında birbaşa uçuşların bərpasının əleyhinə olması barədə Tiflisə yönəlik xəbərdarlığına bu ölkə rəhbərliyinin necə yanaşacağına aydınlıq gətirərkən deyib. Onun fikrincə, belə çətin vəziyyətdə Gürcüstan maksimum dərəcədə ehtiyatlı davranmalıdır:
"Gürcüstan 2008-ci il müharibəsindən sonra üzünü Qərbə çevirib. Amma belə siyasət ölkdə ciddi qütbləşməyə səbəb oldu. Bu gün Tiflis Qərblə Rusiya arasında qalıb. Onlar Abxaziya və Cənubi Osetiya probleminin həllində Rusiya faktorunun danılmaz olduğunu da başa düşürlər. Digər tərəfdən, Azərbaycanın öz torpaqlarını azad etməsi və qalan problemlərin həllində Rusiya faktorunu nəzərə aldığını da görürlər. Ona görə də Tiflis Rusiya ilə müəyyən qədər yaxınlaşmaq yolunu tutub. 
Bu fonda ABŞ tərəfindən Gürcüstana sanksiyalar da tətbiq edilə bilər. Belə çətin vəziyyətdə Gürcüstan maksimum dərəcədə ehtiyatlı davranmalıdır. İndiki halda, Gürcüstan nə Avropa ilə bağlarını itirməli, nə də Rusiya ilə gərginliyi uzatmalıdır. Rusiya Ukrayna müharibəsində tam məğlub olana qədər Tiflis ən azından Moskva ilə dondurulmuş münasibətləri, rəsmilərin qarşılıqlı gediş-gəlişi bərpa etməlidir. Tiflis bu məsələdə Azərbaycandan nümunə götürə bilər. Digər tərəfdən, Gürcüstan konfederasiya variantına getsə, Abxaziya və Cənubi Osetiya məsələsi birdəfəlik yekunlaşa bilər”. 
Mətbuatın yazdığına görə, Gürcüstanda hakim "Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların bərpasının mümkünlüyünü və bunun faydalı ola biləcəyini deyib. Bu isə Qərbdə ciddi narazılıqla qarşılanıb. ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinə xəbərdarlıq edib. Vaşinqton Rusiya və Gürcüstan arasında birbaşa uçuşların bərpasının əleyhinə olduğunu açıqlayıb. Vurğulanıb ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən şirkətləri sanksiyalar təhdidi altında qoyacaq: "Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub, indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil”. 
Rüfət Sultan