"Ankara ilə Moskva arasında münasibətlərin korlanmasından daha çox itirən Rusiya olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Türkiyə ilə Rusiya arasında münasibətlər korlandığı təqdirdə, hər iki tərəfin nə itirə biləcəyini şərh edərkən deyib.
"Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsi təbii ki, hər iki dövlətə mənfi təsir edə bilər. İki ölkə arasında münasibətlərdə müəyyən soyuqluğun yaranmasının əsas səbəbkarı da Rusiyadır. Moskva Türkiyəni qıcıqlandıran bəzi addımlar atıb. Kreml taxıl sövdələşməsinin dayandırılmasına çalışır. Rusiya sövdələşmədən çıxmaqla, Ankaranın imicinə zərbə endirə bilər. Ancaq məsələ ondadır ki, Türkiyə Moskva ilə münasibətlərin pisləşməsini göz önünə alırsa, deməli onun bu fonda qazanacağı itirəcəyindən çox olacaq. Amma hər halda münasibətlərin korlanması hər iki tərəfə müəyyən itkilər gətirəcək. Hər ikisi müəyyən mənada itkilərə məruz qalacaq. Rusiya bu fonda Türkiyə kimi tərəfdaşını itirəcək. Sanksiyalardan ziyan çəkən Rusiya üçün bu gün Türkiyə mühüm tərəfdaşdır. Onu itirməklə Rusiya sanksiyalar çərçivəsində öz bazarının mal-məhsullarla təmin olunmasında daha ciddi təhlükələrlə üz-üzə qala bilər. Bildiyiniz kimi, Türkiyə hazırda Rusiya bazarının təmin olunmasında çox mühüm rola malikdir. Türkiyə isə münasibətlərin korlanması ilə qazla bağlı Moskva ilə bağlanan sövdələşməni, atom enerjisi sahəsindəki razılaşmaları, Rusiyadan gələn çoxsaylı turisti itirə bilə. Amma bütün halda münasibətlərin korlanmasından daha çox Rusiya zərər görəcək”, deyə ekspert bildirib.
Həmsöhbətimizə görə, Ankara və Moskva arasında soyuqluğun yaranması Azərbaycanla Ermənistan arasında gedən proseslərə də təsirsiz ötüşməyəcək:
"Aydın məsələdir ki, münasibətlərin pisləşməsinin Azərbaycan Ermənistan və Qarabağda gedən proseslərə də müəyyən təsirləri olacaq. Ankara ilə Moskva arasında yaşana biləcək gərginliklər fonunda Bakı ilə İrəvan arasındakı münasibətlərdə və Qarabağda vəziyyətin daha da mürəkkəbləşməsi gözləniləndir. Azərbaycan Rusiya sülhməramlıları və Qarabağdakı erməni tör-töküntülərinin oradan çıxarılması məsələsində Türkiyənin köməyilə daha ciddi mövqe tuta bilər”.
Qeyd edək ki, son seçkilərədn sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha çox Qərblə yaxınlaşmaq kursu götürüb. Bu isə Moskvanı qıcıqlandırıb. Ankara "Azovstal”ın zabitlərini Ukraynaya qaytardı. Bundan başqa, Rusiyanın taxıl sövdələşməsindən çıxmaq niyyəti Türkiyədə narazılıqla qarşılanıb. Başqa bir tərəfdən, Ankaranın İsveçin NATO-ya üzvlük məsələsinə razılıq verməsi də Türkiyə-Rusiya münasibətlərində müəyyən soyuqluğun yaranmasına gətirib çıxara biləcək hadisədir.
Rüfət Sultan