Birləşmiş Ştatlar Rusiyanın yaxın həftələrdə Karib dənizində hava və dəniz təlimlərinə başlayacağını gözləyir.
Qaynarinfo "CBS News"a istinadən xəbər verir ki, bunu adı açıqlanmayan amerikalı məmur
deyib.
Rusiya hərbi gəmilərinin və uzaqmənzilli bombardmançı təyyarələrin iştirak edəcəyi təlim Rusiyanın 2019-cu ildən bəri Karib dənizində həyata keçirdiyi ilk eyni vaxtda hava və dəniz manevrləri olacaq. ABŞ bunları Amerikanın Ukraynaya dəstəyinə və ABŞ-ın NATO müttəfiqləri ilə təlimlərini gücləndirməsinə cavab kimi şərh edir.
Bununla belə, rəsminin sözlərinə görə, təlimlər çoxdan planlaşdırılıb və çətin ki, bu, ABŞ prezidenti Co Baydenin bu yaxınlarda Rusiyadakı hədəflərə qarşı Ukraynaya təqdim etdiyi silahlardan istifadəsinə qoyulan qadağanı qismən ləğv etməsinə cavab olacaq.
Rəsminin sözlərinə görə, Rusiya təlimləri ABŞ üçün birbaşa təhlükə hesab edilmir.
Rusiya gəmilərinin Kubaya, ola bilsin, Venesuelaya səfərləri gözlənilir. Təlimlər yay boyu davam edəcək və payızda ümumdünya dəniz təlimləri ilə yekunlaşacaq.
Nizami Bağırov