Rusiya xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsi riskinin olduğunu bildirib.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, o bu bərədə Rusiya dövlət televiziyasına geniş müsahibəsində
deyib.
Lavrov NATO-nun Kiyevi silahlandırmaqla Rusiyaya qarşı proksi müharibə apardığını bildirib və Ukrayna müharibəsinin III Dünya Müharibəsinə çevrilmək riskini olduğunu deyib.
O, həmçinin Ukraynadakı konflikti sonlandıracaq istənilən razılaşmanın döyüş meydanındakı nəticədən asılı olduğunu qeyd edib.
Lavrovun müsahibəsi ABŞ dövləti katibi və müdafiə nazirinin Ukraynaya səfəri və Kiyevə yeni silah tədarükünü elan edəndən bir neçə saat sonra yayımanıb.
Səfərdən sonra ABŞ müdafiə naziri ölkəsinin Rusiyanın zəiflədiyini görmək istədiyini bildirib və Ukraynaya dəstəyin davam edəcəyini deyib.
Amerika bu həftə 40-dan çox ölkəni Ukraynanın müdafiə məsələlərini müzakirə etmək üçün bir araya toplayır. Toplantıda Ukraynaya daha çox silah tədarükü məsələsi müzakirə ediləcək.
Lavrov müsahibəsində Rusiyanın nüvə müharibəsindən qaçmaq üçün hər şey etdiyini deyib.
"Mən bu riskləri suni şəkildə şişirtmək istəməzdim. Çoxları bunu istəyərdi. Təhlükə real və ciddidir. Biz bu riski kiçik görməməliyik”, - deyə Lavrov bildirib.
Lavrov həmçinin ABŞ-ın Rusiya ilə bütün əlaqələri dayandırdığını deyib və onun Ukraynaya silah tədürükünü təxribat adlandırıb. O, Ukraynaya daşınan silahların rus ordusu tərəfindən qanuni hərbi hədəf kimi qəbul edildiyini deyib.
"Ukraynanın qərbindəki ehtiyat anbarları bir neçə dəfə vuruldu. Başqa necə ola bilər? Mahiyyət etibarilə NATO proksi vasitəsilə Rusiya ilə müharibə aparır və o proksini silahlandırır. Müharibə müharibədir”, - deyə o əlavə edib.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə Lavrovun açıqlamalarını məğlubiyyəti hiss etmək kimi qiymətləndirib.
"Rusiya dünyanı Ukraynanı dəstəklədiyinə görə qorxutmaq üçün son şansını itirir. Ona görə də III Dünya Müharibəsi riskindən danışır. Bu, sadəcə, o deməkdir ki, Rusiya Ukraynada məğılubiyyəti hiss edib. Ona görə də bizim üstün gəlməyimiz və Avropa və planetin təhlükəsizliyini qorumağımız üçün dünya Ukraynaya dəstəyini artırmalıdır”, - Kuleba Twitter hesabında yazıb.
Nurlan Hüseynov