Rusiya Ukraynada ciddi problemlərlə üzləşdi. Qərb dünyası ilk dəfədir ki, bu miqyasda birlik nümayiş etdirərək, Moskvaya təzyiq edir. Ukraynaya qarşı savaşda məğlub olan Kreml yeni problemlərin yaranacağından çəkinir. RF prezidenti V. Putinin komandasının parçalanması və geniş xalq etirazlarının başlayacağı ehtimalı da mövcuddur. Nəzərə alsaq ki, oliqarxiya da Putinə qarşı çıxmağa başlayıb, Kremlin sahibinin daha sərt idarəçiliyə keçəcəyi və Ukraynada savaşın bitəcəyi vaxta qədər ölkədə kütləvi aksiyaları qadağan edəcəyi də bildirilir. Hətta Rusiyada hərbi vəziyyətin tətbiq olunacağı da istisna edilmir.
Lakin dünən Kremlin sözçüsü D.Peskov Ukrayna ilə bağlı vəziyyət fonunda Rusiya Federasiyası ərazisində hərbi vəziyyətin tətbiqinin planlaşdırılmadığını bəyan etdi. Peksovun təkzibinə baxmayaraq, gedişat sərt idarəçilikdən xəbər verir. Ehtimal etmək olar ki, Peskov vaxtından əvvəl ictimai rəydə narahatlıq yaratmaq istəməyib. Məsələ ondadır ki, Rusiyanın iqtisadi durumu getdikcə ağırlaşır, ölkənin valyuta ehtiyatları tükənir, qarşıda ölkəni ağır iqtisadi böhran gözlənilir. Putin son çıxışlarında da dolayısı ilə də olsa ona işarə vurub ki, Rusiya yalnız sərt mərkəzləşdirilmiş prinsiplə idarə edilsə vəziyyət düzələ bilər.
Kreml istənilən formada etiraz aksiyalarından ehtiyat edir, ən azı ona görə ki, zaman keçdikcə bu aksiyalara daha çox etirazçı çıxa bilər. Kreml Rusiyada rəngli inqilabların baş verəcəyindən də çəkinir. Düzdür, müxalifətin aktiv üzvləri sıradan çıxarıldığından izdihamlı mitinqlərin keçirilməsi real deyil. Lakin Putinin ilk ciddi büdrəməsində insanların aksiyalara axın edəcəyi də mümkündür. Bunun qarşısının alınmasının yeganə yolu isə ölkədə fövqaladə və yaxud hərbi vəziyyətin elan edilməsdir.
Siyasət şöbəsi