Xəbər lenti

Rusiyalı alim: Ruslar Ukrayna dilində olan kitabları qadağan etdilər (MÜSAHİBƏ)
Dünya10:03 22.06.2022

Rusiyalı alim: Ruslar Ukrayna dilində olan kitabları qadağan etdilər (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tarixçi alim Andrey Aksenov Əl-Cəzirə telekanalına verdiyi müsahibədə diktaturalar, milli kimlik və Ukrayna müharibəsi haqqında danışıb.
Qaynarinfo tarixçinin müsahibəsini oxuculara təqdim edir.
Andrey Aksenov rus tarixçisi və müəllifidir, onun "İmperiyanın tənəzzülü" adlı tarixi podkastı Rusiyada dinləyicilər arasında populyardır. Alimin ölkəsi Ukraynanı işğal edəndən sonra o, Rusiyanı tərk edib və işini davam etdirmək üçün İsrailə köçüb. Əl-Cəzirə Aksenovla Rusiyanın Ukraynaya qarşı müharibəsinin tarixi kontekstindən danışıb.
Əl-Cəzirə: Nə üçün 21-ci əsrdə Avropada genişmiqyaslı müharibə gedir?
Andrey Aksenov: Burada çoxlu amillər var. 20-ci əsrdə bir çox Avropa ölkələri diktatura və ya müxtəlif avtoritar idarəetmə formalarından keçib. Rusiya dünyanın qalan hissəsindən qoparaq, kommunizm qurmaqla məşğul idi. 70 il davam edən bu təcrübə uğursuz başa çatdı və Rusiyanı Avropa ölkələrinin 30-cu, 40-cı və 50-ci illərdə keçdiyi inkişaf mərhələlərindən keçmək məcburiyyətində buraxdı. Bu öyrənilməmiş dərslər ölümcül qiymətə də olsa, indi öyrənilir. 
Əl-Cəzirə: Rusiya prezidenti Vladimir Putin tez-tez Ukraynanı "neonasistlər” ölkəsi adlandırır. Rusiyada nasizm anlayışını necə xarakterizə edərdiniz?
Aksenov: Putin ukraynalıları sadəcə rus adlandırılmadıqlarına görə nasist adlandırır. Sovet İttifaqında heç kim insanlara nasizmin nə olduğunu izah etmirdi. Onlar deyirdilər ki, nasizm bizim 1945-ci ildə Böyük Vətən Müharibəsində qalib gəldiyimiz ideologiyadır. Ancaq nasizmin nə olduğu, o cümlədən dövlət institutlarının, azad medianın olmaması, təkpartiyalı sistem və bütün bunlar məqsədli şəkildə izah edilmədi, çünki insanlar daha sonra analogiyalar aparmağa başlayacaqdılar. Müasir Rusiya təhsil sistemi də Sovet İttifaqında olduğu kimi təxminən eynidir.
Əl-Cəzirə: Bu, müasir rusların dünyagörüşünə necə təsir etdi?
Aksenov: Millət ideyası kifayət qədər dolaşıqdı. Sovet İttifaqının əvvəlində  məktəbdə onlara milliyyətcə kim olduqları öyrədilmirdi. Beləliklə, adi bir insan ukraynalıların fərqli xalq olduğuna inanmır. Sibirdən bir insanı götürüb Kiyevə gətirsən, o, küçədə kiminsə Ukrayna dilində danışdığını eşidə və təəccüblənə bilər. "Onlar təkcə televiziyada deyil, küçələrdə də ukraynaca danışırlar?" sualını verə bilər. İnsanlar ukraynalıların ukraynca danışmasına və buranın başqa ölkə olmasına təəccüblənirlər. Belə təsəvvür var ki, Sovet İttifaqı necə dağıldı, sonra Rusiyanın bir hissəsi ondan ayrıldı, Ukrayna adlı qəribə bir ölkə meydana çıxdı, orada bizim kimi ruslar var. Onlar elə bilirlər ki, ukraynalıları Ukrayna dilində danışmağa hökumət məcbur edir.
Əl-Cəzirə: Ukraynalıların öz adları ilə adlandırılmaq hüququ uğrunda onilliklər boyu mübarizə apardığını demək düzgündürmü? Bu mübarizə nə vaxt başladı?
Aksenov: 19-cu əsrdə bütün Avropada millətçilik yüksəlişdə idi. Millətlər, ilk növbədə, bütün Avropada qruplar halında yüksələn milli ziyalılar tərəfindən formalaşmağa başladı. Dedilər ki, biz, məsələn, çexik, ya da biz slovakıq, bu, bizim Slovak mədəniyyəti adlı dəyərləeimiz mövcuddur. Bizə slovak dilində məktəblər, slovak dilində kitablar lazımdır, bir növ Slovak mədəni muxtariyyəti, daha sonra siyasi, daha sonra isə ideal olaraq öz dövlətimizin yaradılmasına ehtiyacımız var. Bu mənada, Ukraynada baş verənlər başqa Avropa ölkələrindəki digər milli layihələrdən heç də fərqlənmir. 
Əl-Cəzirə: Rusiyada müəyyən dairələr Ukraynanın dövlətçilik ideyasına qarşı həmişə çıxış ediblər?
Andrey Aksenov: Bu nümunə Rusiya imperiyasına gedib çıxan ümumi millətçilik anlayışı qədər qədimdir. O dövrün dövlət siyasəti ondan ibarət idi ki, üç qolu özündə birləşdirən rus xalqı var idi: Kiçik ruslar (red. qeyd: Kiçik Rusiya Ukraynanın müasir ərazilərini ifadə etmək üçün istifadə edilən tarixi termindir), belaruslar və böyük ruslar (Rusiya). Özünü milliyyətcə rus kimi tanıyan rus ziyalısı və özünü ukraynalı hesab edən Ukrayna ziyalısı var idi. Ukrayna milli ziyalısının layihəsi separatizm hesab edildiyi üçün dövlətə zərərli idi. Beləliklə, onlar "Böyük ruslar” ukraynaca tədris olunan məktəbləri və Ukrayna dilində kitabları qadağan etdilər. 
Əl-Cəzirə: Bir çox ruslar deyirlər ki, Ukrayna dili rus dilinə bənzəyir. Bunu Putinin tez-tez etdiyi kimi, hər ikisinin vahid bir dil kimi inkişaf etdiyini demək üçün arqument kimi istifadə edirlər...
Andrey Aksenov: Ukrayna Rusiyanın bir qolu deyil. Onun öz xalqı, milləti, dili var. Dilçilik bölmələrində öyrədildiyi kimi, bir dil ordu və donanması olan dialektdir. Bu, linqvistik, filoloji fərq deyil. Bu siyasi fərqdir. Milliyyət müəyyən edilə bilməz. Bir qrup insan özünü Yeni Zelandiyalı hesab edirsə, onlar Yeni Zelandiyalıdırlar. Xorvatlar dillərinin xorvat və serb-xorvat olduğunu düşünürlərsə, onlar xorvatdırlar. Bu, dilçilik məsələsi deyil, bu, hər kəsin şəxsi seçimidir. Sonuncu dəfə hökumətlər insanlara vətəndaşlıq verməyə çalışarkən bunun fəsadları oldu. Siyahıyaalma məmuru gəlir, siz "Mən Jediyəm” deyirsiniz və o, "Jedi” yazır.Niyə? Ona görə yox ki, onlar axmaqdırlar, ona görə ki, insanların milliyyəti yuxarıdan müəyyən edilə bilməz.
Nurlan Hüseynov