Rusiya səfirinin Stokholmda Nobel mükafatlarının təqdim edilməsi ilə əlaqədar ziyafətə dəvət edilməsi İsveçdə siyasətçilərin sərt tənqidinə səbəb olub: bəziləri tədbiri boykot etməyi planlaşdırır.
Bu barədə Qaynarinfo "Aftonbladet”ə istinad edən xəbər verir.
Bir neçə müxalifət partiyası lideri dəvətlərini ləğv edib, hökumət rəsmiləri də tədbirə getməməyi düşünür.
Liberal Partiyasının rəhbəri Karl Yohan Qeorq Person bildirib ki, "Putinin Ukraynada iyrənc və qanlı işğalçılıq müharibəsi davam etdiyi bir vaxtda Rusiya səfiri üçün oturub tost qaldırmaq fikrində deyil".
Mərkəz Partiyasının lideri Muharrem Demirok Rusiya səfirinin orada olacağı təqdirdə Nobel mərasimində iştirak etməyəcəyini bildirib.
"Mərasimdə və Nobel gecəsində iştirak etməyi səbirsizliklə gözləyirdim. Lakin Rusiya Ukrayna ilə müharibədə olduğu halda, mən onların səfiri ilə eyni gecədə iştirak edə bilmərəm. Tədqiqat və tərəqqini qeyd etməkdən məmnunam, lakin istənilən şəraitdə yox", - o, Twitter-də yazıb.
İsveç Sol Partiyasının lideri Nuşi Dadqostar "Ukraynanın üzərinə bombalar yağarkən” Rusiya rejiminin nümayəndəsi ilə Nobel şənliklərində iştirak etməyəcəyini bildirib.
Keçmiş baş nazir və Sosial Demokratların lideri Maqdalena Andersson bildirib ki, o, mərasimə dəvət almayıb, lakin onun sözlərinə görə, Nobel Fondu "Ukraynada iyrənc və qeyri-qanuni müharibə aparan və İsveçi də təhdid edən rejimin nümayəndəsini mükafatlandırma mərasiminə dəvət etməyin nə demək olduğunu ciddi şəkildə düşünməlidir”.
Baş nazir Ulf Kristersson bildirib ki, Rusiyanı dəvət etmək qərarı həm İsveçdə, həm də Ukraynada bir çox insanı məyus edib.
"Dünən gecə mənə məlumat gəldi və mən kifayət qədər kəskin reaksiya verdim... Nobel Fondu öz qərarını verir. Amma indi mükafatlandırma mərasiminə mən rəhbərlik etsəydim, Rusiyanı dəvət etməzdim", - o, TT-yə müsahibəsində deyib.
Baş nazirin Nobel şam yeməyinə qatılıb-qatılmayacağı ilə bağlı suala Kristersson sonradan məsələyə qayıtmaq üçün icazə istəyib.
İsveç kral ailəsinin nümayəndələri bildiriblər ki, kral ailəsi Nobel Fondunun qərarı ilə bağlı məlumat alıb, lakin hələlik heç bir şərh vermir.
Xarici işlər naziri Tobias Billström hesab edir ki, Nobel Fondunun qərarı "digərlərindən fərqlidir”. O, TT-yə açıqlamasında "Şəxsi dəvət edən və kimin gələ biləcəyinə qərar verən Nobel Fondudur. Mən hələ dəvət almamışam" deyib.
Qeyd edək ki, daha əvvəl Nobel Fondu İsveçdə akkreditə olunmuş bütün dövlətlərin diplomatlarını, yəni Rusiya və Belarus diplomatlarını Stokholmda Nobel Mükafatlarının təqdim etmə münasibətilə ziyafətə dəvət etmək niyyətində olduğunu bildirib. Onlar keçən il bu tədbirə dəvət edilməyiblər.
Buna cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kreml belə bir qərara yalnız artan cəzasızlıq hissi və yeni cinayətlərlə reaksiya verəcək.
Nizami Bağırov