Xəbər lenti

Rusiyanın ən böyük özəl aviaşirkətinin bir ayda üçüncü təyyarəsi havada xarab oldu
Dünya 15:00 02.06.2025

Rusiyanın ən böyük özəl aviaşirkətinin bir ayda üçüncü təyyarəsi havada xarab oldu

Rusiyanın S7 Airlines şirkətinə məxsus Airbus A320neo təyyarəsi Moskva–Yakutsk reysi zamanı havada texniki nasazlıq səbəbilə Saxa Respublikasının Lenski rayonu ərazisində yerləşən Talakan hava limanına təcili eniş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat  yayıb.

Hadisəyə mühərrik nasazlığı səbəb olub. Xoşbəxtlikdən, hadisə zamanı heç kim xəsarət almayıb.

Aviasiya hadisələrini izləyən viaincident Telegram kanalının məlumatına görə, 31 may saat 22:36-da Airbus A320neo-nun ekipajı mühərrikin sıradan çıxdığını bildirərək hündürlüyün azaldılmasını istəyib. Əvvəlcə təyyarənin Mirnı şəhərinə yönləndirilməsi planlaşdırılıb, lakin sonradan qərar dəyişdirilərək Surqutneftqaz şirkətinin Talakan qaz-kondensat yatağının işlənməsi üçün inşa etdiyi özəl Talakan hava limanına eniş edilib.

Daha sonra sərnişinlər Novosibirskdən gələn ehtiyat təyyarə ilə təyinat nöqtəsinə yola salınıblar.

Bu, S7 şirkətində may ayından bəri havada baş verən üçüncü nasazlıqdır.

18 may tarixində Novosibirsk–İrkutsk reysini həyata keçirən Boeing 737-800 təyyarəsi şassi nasazlığı səbəbilə havaya qalxdıqdan dərhal sonra geri qayıtmaq məcburiyyətində qalıb.

17 may tarixində isə Dağlıq-Altay–Moskva reysini yerinə yetirən və 150 sərnişin daşıyan başqa bir Airbus A320 mühərrik problemi üzündən Novosibirskdə təcili eniş edib.

Xatırladaq ki, S7 Airlines artıq bəzi reyslərini təyyarələr üçün ehtiyat hissələrinin çatışmazlığı səbəbilə ləğv etdiyini açıqlamışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->