Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Qərb arasında onsuz da gərgin olan münasibətlərə ciddi zərbə vurub. Son 5 ay ərzində Avropa İttifaqı Rusiyaya qarşı altı sanksiya tətbiq edib, o cümlədən enerji sektorunu hədəfə alaraq, Rusiyadan Avropaya idxal olunan təbii qazın həcmini əhəmiyyətli dərəcədə azaldıb.
Siyasi konfliktlər demək olar ki, həmişə iqtisadi maraqlar və ziddiyyətlər üzərində qurulduğundan iqtisadiyyat və siyasət həmişə bir-biri ilə sıx bağlıdır. İqtisadi və siyasi məsələlərin bir-birindən ayrılmalı olduğunu düşünmək sadəlövhlükdür. Lakin Rusiya prezidenti Vladimir Putin demək olar ki, bunu həmişə reallaşdırmağa davam edir. Sivil dünyanın öz tərəfdaşlarına təklif edəcəyi çox şey var, lakin Rusiyanın o imkanları yoxdur. Rusiyanın sözdə müttəfiqlərini, əslində isə vassallarını nəzarətində saxlamaq üçün iki variantı var: hərbi güc və iqtisadi şantaj.
Rusiya prezidenti qaz və neftdən asılılıq yaratmaq üçün bu sektordan qazandığı pullarla bir sıra Avropa ölkələrində siyasətçiləri rüşvətlə ələ almağa çalışır. Məsələn, Almaniya, Avstriya, Fransa, İtaliya, Macarıstan və s. ölkələrdə buna cəhdlər edilir. Nəticədə Avropa istər-istəməz Rusiyadan asılı vəziyyətdə qalmaqda davam edir. Bu gün yeni reallıqlar fonunda Avropa ölkələri alternativlər taparaq, bu asılılığı aradan qaldırmağa çalışır. İndi bir çox alternativlər var ki, onların arasında ABŞ, Norveç, Qətər, Azərbaycan, Əlcəzair, həmçinin İran qazı yer alır. Eyni vəziyyət neftə də aiddir.
İstənilən halda bu prosses qısa zamanda həyata keçirilə bilməz, bunun üçün vaxt lazımdır. Məhz bu məqamda Putin Avropaya vaxt udmağa imkan verməyərək, vəziyyəti daha da gərginləşdirməyə çalışır. Digər alternativ variant İran qazının və neftinin Ermənistan-Gürcüstan ərazisi ilə Avropaya ixracı variantıdır. (Buda öz növbəsində Avropaya sərf edən təkliflərdən biridir).
Hazırda İranın nüvə sazişinə yenidən baxılması ehtimalı var və əgər bu proses uğurla yekunlaşarsa, İran qazını və neftini Avropaya çatdırmaq mümkün olacaq. Ehtimallara görə, İranın nüvə sazişinə yenidən baxılması məsələsi sentyabrın sonuna qədər baş tutacaq. Çünki o vaxta qədər bir sıra Avropa ölkələrində qışa hazırlıq görülür ki, həmin vaxta qədər enerji daşıyıcıları məsələsi həll olunmalıdır.
Burda yenə də çox şey Rusiyanın bölgədəki siyasi gücündən və regionda Qərbin təzyiqlərinə tab gətirməsindən asılıdır. Lakin bütün hallarda Rusiya regionu Qərbə güzəştə getməmək üçün əlindən gələni etməyə çalışır...
Telman