Xəbər lenti

Rusiyanın Türkiyə ərazisində ikinci dronu: Kreml artıq reallıq hissini itirib (ŞƏRH)
Dünya 17:26 20.12.2025

Rusiyanın Türkiyə ərazisində ikinci dronu: Kreml artıq reallıq hissini itirib (ŞƏRH)

"Moskvanın bu addımını çəkindirici alət kimi dəyərləndirməliyik".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiyadan buraxılan dronların Türkiyə ərazisinə düşməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Rusiya artıq reallıq hissini itirib: 

"Bu da ondan irəli gəlir ki, Putin Avropanın siyasi liderlərinin gücsüzlüyünü, müharibə immunitetinin zəifliyini duyub. ABŞ-ın Tramp adminstrasiyasının siyasi bazarlaşmada həvəsli olması, Avropanı prosesdən kənarda qoymaq cəhdləri də Putinə imkan verir ki, istədiyi sərhədsiz hərəkətləri davam etdirsin. Putin asanlıqla Trampı manipulyasiya etməyi bacarıb".
 


Konfliktoloq qeyd edir ki, ABŞ-la Avropa arasında konsolidasiya olmayınca Putinin bu sayaq azğın hərəkətləri davam edəcək: 

"Rusiya tərəfindən atılan dronların müharibəyə aidiyyatı olmayan ərazilərə düşməsi heç də təsadüfi deyil. Moskvanın bu addımını çəkindirici alət kimi dəyərləndirməliyik. Bu, əslində Ukrayna-Rusiya deyil, NATO-Rusiya müharibəsidir. Ancaq Qərb Rusiyanı taqətdən sala biməyib. Ona görə də Rusiya Ukraynadan kənar yaxın və uzaq ölkələrə də əzələ nümayiş etdirir, yeni müharibələrlə təhdid edir".

Məsələnin çözümü üçün ekspert düşünür ki, Ukrayna xaricində NATO-Rusiya danışıqlarına ehtiyac var:

"Məsələ tərəflərin qarşılıqlı öhdəliklər götürməsilə həll olunmalıdır. NATO Şərqə doğru genişlənməyəcəyi öhdəliyini götürməlidir. Putin də öz növbəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bəyan etməlidir. Ukrayna da öz növbəsində neytral ölkə olmalıdır. Putinin bəhanəsini kəsmək üçün həmçinin Ukraynada qeyri-ukraynalıların da bərabər imkanları tanınmalıdır. Əks təqdirdə, Rusiya reallıq hissini itirməkdə davam edəcək, digər ərazilərə də göz dikəcək. Moskvaya "dur” deməyin zamanıdır". 
 
Qeyd edək ki, Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə Rusiyaya məxsus "Orlan-10" tipli pilotsuz uçuş aparatı düşüb. Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb edilib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->