Xəbər verdiyimiz kimi, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. "Bu addım Rusiyanın prosesdə moderator rolunu saxlamaq və onu öz istədiyi tərzdə həll etmək cəhdidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspertin fikrincə, belə bir addımla Rusiya iki məqsəd güdür:
"Moskva ATƏT-in Minsk qrupunda təmsil olunan digər həmsədrlər, Fransa və ABŞ-ın Rusiya ilə əməkdaşlıqdan yayınaraq, onu prosesdən kənarda qoyduğunu düşünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir həftə öncə demişdi ki, Minsk qrupunun digər iki həmsədri prosesdə Rusiyanın maraqlarını ciddiyə almır. Bu çıxışın özü göstərirdi ki, Kreml Minsk qrupundan çıxacaq. Faktiki olaraq ikili danışıqlara özünün xüsusi nümayəndəsini təyin etməsi ondan xəbər verir ki, Rusiya de-fakto ATƏT-in Minsk qrupundan çıxır. Moskva bununla göstərmək istəyir ki, Paris və Vaşinqton olmadan da prosesdə iştirak və onu həll edə bilər. Rusiya Brüssel görüşündən sonrakı prosesləri yaxından izləyir. Brüsselin Bakı ilə İrəvan arasındakı münasibətləri tənzimləmək üçün atdığı konstruktiv addımlardan Kreml narahatdır. Kreml prosesdə Brüsselin pay almasına qısqanc yanaşır”.
Politoloq qeyd edir ki, yeni xüsusi nümayəndə təyin etməklə Rusiya əslində hazırkı uğurların Brüsselin deyil, sanki özünün iştirakı ilə əldə edildiyini göstərməyə çalışır: "Ukraynadakı prosesin uzanması fonunda Moskva Cənubi Qafqazdakı prosesin büsbütün həlli deyil, müəyyən dövrə qədər tənzimlənməsini, ikili danışıqlarda moderator olmaq istəyir”.
Ekspert həmçinin bildirir ki, Azərbaycan yaranmış vəziyyətdə Brüssel və Rusiyanın prosesdəki iştirakından öz lehinə istifadə etməlidir:
"Brüsselin atdığı konstruktiv addımlar Moskvanı narahat edir. Bu reallıq fonunda Moskva açıq şəkildə prosesi ləngidəcək nəsə edə bilməyəcək. Ona görə Kreml də Brüsselə cavab olaraq daha konstruktiv addımlar atmağa məcburdur. Rəsmi Bakı tərəflərin bir-birinə qarşı mübarizəsindən istifadə edə bilsə, problemin böyük ölçüdə həllinə nail ola bilər. Ona görə də düzgün addımlarla Rusiyanın xüsusi nümayəndə təyin etməsi məqamını öz xeyrimizə çevirə bilərik”.
Rüfət Sultan