Xəbər lenti

Rusiyaya gələn miqrant sayının 23 faiz azalmasının səbəbi nədir? (ŞƏRH)
Dünya 19:15 23.07.2024

Rusiyaya gələn miqrant sayının 23 faiz azalmasının səbəbi nədir? (ŞƏRH)

"Rusiyanın müharibə aparması, müxtəlif təhlükələrin artması, səfərbərlik məsələsi və miqrasiya qanunlarının sərtləşdirilməsi miqrantların bu ölkəyə axınına mənfi təsir göstərib”. 

Qaynarinfo-ya açıqlamasında bunu "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov 2023-cü ildə Rusiyaya gələn miqrantların sayının 2022-ci illə müqayisədə 23 faiz azalmasını şərh edərkən deyib: 

"Bəllidir ki, Rusiya Ukrayna müharibəsi Rusiyanın bir çox sahələrinə öz mənfi təsir göstərib. Belə sahələrdən biri də miqrasiya sahəsidir. Beynəlxalq nəzəriyyəyə və praktikaya nəzər salsaq görərik ki, miqrasiya mübadiləsi ilk növbədə ictimai siyasi mühitin sabit olduğu ölkələrdə daha intensiv xarakter alır. Müharibə aparan ölkələrdə yaşanan vəziyyət isə yerli əhalilə yanaşı, miqrantlara da toxunur. Adətən, miqrantlar müharibə gedən ölkələrdə qalmaqda maraqlı olmurlar. Çünki bu ölkələrdə qalmaları əksər hallarda onların ciddi iqtisadi fəsadlarla üzləşməsinə gətirib çıxarır. Rusiya da hazırda Qərbin ciddi iqtisadi sanksiyaları ilə üz-üzədir. Bu da öz növbəsində Rusiyanın bir çox sahələrində iqtisadi geriləməyə, staqnasiya hallarına gətirib çıxarıb. Nəticədə bir sıra iş yerləri bağlanır ki, bu da öz təsirini həmin sahədə çalışan miqrantlara da göstərir. Rusiyada Qərb şirkətlərinin fəaliyyətinin iqtisadi sanksiyalar üzündən dayandırılması ilə həmin sahələrdə çalışan miqrantlar da işsiz qalıblar”.
 


Ekspertin fikrincə, müharibənin getdiyi ölkədə müxtəlif kateqoriyadan olan insanlar, xüsusən də miqrantlar üçün təhlükələrin artması da bu statistikaya öz təsirini göstərib: 

"Rusiyanın Ukrayna ilə sərhəd əraziləri də son zamanlar tez-tez Ukrayna dronlarının hücumuna məruz qalır. Bu da həmin ərazilərin normal həyatına mənfi təsir edir. Nəticədə bu ərazilərdə yaşayan əhali də müəyyən potensial təhlükə altına düşür. Bunu görən miqrantlar da gözlənilə bilən təhlükədən uzaq olmağa çalışır”. 
Həmsöhbətimiz qeyd edir ki, Rusiya tərəfindən miqrantların müharibəyə səfərbərliyi məsələsi də şimal ölkəsinə gələnlərin sayının azalmasına rəvac verib:  
"Orta Asiyadan olan bəzi miqrantların hansısa bir formada müharibədə iştirakı ilə bağlı informasiyalar yayılır. Bunun özü də miqrantlar üçün müəyyən çəkindirici amil rolunu oynayır”.  

A.Allahverənov düşünür ki, Rusiyanın miqrasiya qanunvericiliyində müəyyən sərtləşmələrin olması da prosesə öz təsirini göstərib:

"Miqrantların Rusiya cəmiyyətinə inteqrasiyası üçün qarşılarına ciddi öhdəliklər qoyulub və onlara əməl etməyənlər ölkədən çıxarılır”. 
  
Qeyd edək ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin bülletenində göstərildiyinə görə, 2023-cü ildə Rusiyaya gələn miqrantların sayında azalma baş verib. Belə ki, keçən il Rusiyaya xaricdən 560,4 min insan gəlib, bu da 2022-ci illə müqayisədə 23 faiz az deməkdir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->