Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi Konstitusiyaya dəyişiklikləri ona öz səlahiyyətlərini genişləndirmək və 2024-cü ildən sonra da hakimiyyəti qorumaq üçün lazımdır.
Qaynarinfo rosbalt-ru-ya istinadla xəbər verir ki, bu, "Levada Mərkəzi”ndə keçirilmiş sorğuda iştirak edən rusların 47%-nin rəyidir. Məhz eyni sayda - 47% respondent Əsas Qanuna edilən dəyişikliklərin əksəriyyətin maraqlarına uyğun olaraq idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəldildiyini bildirib.
Respondentlərin əksəriyyəti - 80%-i Putinin təşəbbüsləri barədə məlumatlı olsa da, 20% respondent təklif olunan düzəlişlər barədə heç nə eşitməyiblər.
Ayrıca, hər üç respondentdən biri Konstitusiyanın ölkənin həyatında mühüm rol oynamadığını deyib, çünki az adam onun müddəaları ilə hesablaşır. 27% hesab edir ki, Konstitusiya vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir. Digər 24% isə Əsas Qanunun dövlətin fəaliyyətində nizam yaratdığını bildirib. 15% isə Konstitusiyanın prezidentin Dövlət Dumasına nəzarət etməsinə imkan verən bir vasitə olduğunu qeyd edib.
Xatırladaq ki, Putin Federal Məclisə göndərdiyi təkliflər paketində Rusiya Federasiyasının Konstitusiyasına bir sıra dəyişikliklərin olmasını istəyib. Beləliklə, Konstitusiyaya dəyişikliklərin hazırlanması üçün xüsusi işçi qrupu yaradılıb.
Alpər