CNN Ukraynadakı rus hərbçilərinin iki mülki vətəndaşı arxadan güllələdiyini əks etdirən video yayımlayıb.
Qaynarinfo xəbər verir ki, jurnalistlər ölənlərdən birini şəxsiyyətini müəyyənləşdirə biliblər. Bu, 68 yaşlı mühafizəçi Leonid Plyatsdır. Digəri isə hələlik adı açıqlanmayan avtosalonun sahibidir.
Kanalın ixtiyarında Kiyev yaxınlığındakı magistral yollardan birində yerləşən adı açıqlanmayan diler mağazasının ərazisində quraşdırılmış müşahidə kameralarının çəkilişləri olub. CNN telekanalının məlumatına görə, qeydlər martın 16-da Rusiya hərbçilərinin Ukraynanın paytaxtını ələ keçirməyə cəhdi zamanı aparılıb.
Telekanal videodakı əsgərlərin geyim forması, şahid ifadələri və həmin vaxt əraziyə hansı tərəfin qüvvələrinin nəzarəti altında olmasının təhlili əsasında Rusiya ordusuna aid olduğunu müəyyən edib.
Görüntülərin birində üzərində "Танковый спецназ Rus” yazısı və V hərfi olan furqonun "Веломагазин” işarəsi olan binaya doğru hərəkəti göstərilir. Telekanalın məlumatına görə, beş rus əsgəri maşından düşür, qıfıllara və pəncərələrə atəş açaraq binaya girməyə çalışır.
Bu zaman mühafizə postunun binasında Leonid Plyats və salonun sahibi hərbçiləri qarşılamağa hazırlaşır. Başqa bir kameradan çəkilən görüntülərdə əsgərlərin kişiləri necə axtarması, onlarla nə isə danışması və onları buraxması göstərilir. Plyats və salon sahibi mühafizə postuna qayıdanda iki əsgər onları arxadan güllələyir.
Hadisədən sonra ayağında sarğı olan Plyats mühafizə postuna yaxınlaşaraq telefonla ukraynalı könüllülərə zəng edə bilib. Könüllü dəstənin komandiri CNN-ə deyib ki, onlar rus hərbçiləri ilə atışmaya girərək, mühafizəçiyə çatmağa çalışıblar. Nəticədə Plyats binadan çıxarılıb, lakin o, qan itkisindən ölüb.
CNN həmçinin üç rus hərbçisinin binadakı kabinet və masalarda axtarış apardığı, həmçinin içki içdiyi görüntülərini də yayımlayıb. Telekanalın məlumatına görə, əsgərlər Plyats hələ sağ olarkən binalada axtarış aparıblar.
Ukrayna prokurorluğu CNN-ə bildirib ki, onlar hadisəni hərbi cinayət kimi araşdırırlar. Rusiya Müdafiə Nazirliyi jurnalistlərin sorğusuna cavab verməyib.