"Neftçi” ötən gün millimizin sabiq üzvü Eddi İsrafilovla müqavilə imzaladı. Təbii ki, millidə o qədər də uğurlu çıxışla yadda qalmayan futbolçunun Azərbaycana, özü də çempionluğa namizəd hesab edilən bir komandaya gəlişi xeyli suallar doğurdu. O, "Neftçi”yə və ya futbolumuza hansı faydaları verə bilər?
Azərbaycanın tanınmış mütəxəssislərindən olan, Şöhrət ordenli məşqçi Ağasəlim Mircavadov İsrafilovun "Neftçi”yə transferi haqda düşüncələrini Qaynarinfo-ya bölüşüb:
"Bu sözü həmişə deyirəm, amma görürəm ki, xeyri yoxdur. Baxın, "Qarabağ” necə oyunçular alır. Məşqçilər korpusu birlikdə fikirləşib, lazım olan futbolçunu alırlar. Düzdür, baha olur, amma imkanları var. İstədikləri futbolçunu tapırlar, onlar da gəlib oynayır. "Neftçi”yə yaxşı transferlər lazımdır. İsrafilov yığmaya gələndə etirazımı bildirmişdim ki, bizə kömək etməyəcək. Yerli oyunçu hazırlamaq daha məqsədəuyğun olardı, nəinki İsrafilovu transfer etmək. Ola bilər ki, İspaniyada oynayıb. Söhbət onun səviyyəsindən gedir. Fikrimcə, "Neftçi”də çox qalmayacaq. Onu necə transfer ediblər, hansı maliyyə məbləğində anlaşıblar deyə bilmərəm. Amma hazırda komandaya daha keyfiyyətli legioner lazımdır. Bəlkə də "Neftçi” onun Azərbaycan pasportu olmasına aldanıb. Pasportu var, lakin o, öz oyunu ilə hazır olduğunu sübut etməlidir”.
Təcrübəli mütəxəssis Eddinin yığmada o qədər də uğurlu olmadığını açıqladı:
"Yığmada az oynayıb. Həm də hansı baş məşqçi güclü oyunçunu ehtiyatda saxlayar? Bizi belə öyrədiblər. Biz də başqalarını belə öyrədirik - güclü oyunçu oynamalıdır. O, rəqbət aparmağa hazır olmalıdır. Nə deyim, klubun daxili işidir. Sözümün canı odur ki, bu transferə aldanmasınlar. Yığmada yaxşı oynasaydı başqa məsələ. Emin Mahmudovu milliyə dəvət edirdilər, meydana buraxmırdılar. Biz rəhbərliklə, De Byazi ilə danışırdıq ki, Emini meydana buraxsınlar. Çünki klubunda yaxşı oynayırdı. Yaxşı futbolçu yığmada zəif oynaya bilməz. Sadəcə, şans vermək lazımdır. Bizi eşitdilər, meydana buraxdılar və gördülər ki, doğrudan da əla oynayır. Açıq deyirəm, Emin Mahmudov "Neftçi”də oynamasa, bilmirəm, o klub necə olar. Millimizdə ən çox qol vuran da məhz Emindir. Yarımmüdafiə xəttinin hər tərəfində oynayır. Hətta bəzi oyunlarda dayaq yarımmüdafiəçisi kimi də meydana çıxır. Bir sözlə hazırdır. Uğurlu çıxış edir, halaldır ona. Belə davam etsə, "Neftçi”dən daha güclü kluba gedə bilər. Nə deyək, təki Eddi də uğurlu olsun. Arzumuz budur ki, bütün klublarımızın transferləri uğurlu alınsın”.
Səbuhi Həsənov