Xəbər lenti

Estetik əməliyyatlar: Niyə xanımlar bir-birinə bənzəyir? (EKSPERT ŞƏRHİ)
Sağlamlıq12:37 02.11.2021

Estetik əməliyyatlar: Niyə xanımlar bir-birinə bənzəyir? (EKSPERT ŞƏRHİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pasiyentlər bir-birindən tam fərqli olduğuna görə qəlib dediyimiz şey əslində yoxdur. Əgər xanımları yan-yana qoysaq, heç kəs eyni cərrahın elədiyi işləri bir-birinə oxşatmaz”.
Bu fikirləri Qaynarinfo-ya plastik cərrah Günəş Piriyeva estetik cərrahiyyədə əməliyyatlar zamanı insanların bir-birinə çox oxşadılmasının səbəblərindən danışarkən deyib. 
 
Cərrahın fikrincə, bu əməliyyatlarda pasiyentlərin özünün də istəkləri var. 
"Ola bilər ki, pasiyent əməliyyat edilən ya rəfiqəsinimi, ya şəkildə kimisə görür, onun şəklini gətirib bizə göstərir ki, mən də bu cür əməliyyat, şəkilləndirmə istəyirəm. Bu zaman həkimlər tərəfindən xəstələrlə lazımi söhbətlər aparılır. Onlara hamıda eyni cür alınmayacağı anladılır. Yəni sən indi başqa cürsən, əməliyyat edəcəyimiz orqanın və s. başqa cürdür”. 
Günəş Piriyeva qeyd edib ki, günümüzdə əməliyyat olunan xanımları bir-birinə daha çox oxşadan indi telefonda istifadə elədiyimiz proqramlar və yaxud eyni icra olunmuş vizajlardır:
"Xanımlar məclislərdə, fotolarda yan-yana olanda nəsə bir-birinə bənzəyirlər. Bu da bənzər vizajlardan, istifadə edilən telefon proqramlarından irəli gəlir”.
Cərrah qeyd edib ki, əməliyyatın icra olunduğu bölgəyə baxdıqda orda heç kəsin ağlına qəlib sözü gəlməz:
"Estetik cərrah digər cərrahlardan fərqli olaraq istər xəstənin qarşısında, istərsə də əməliyyatı icra edən zaman bir psixoloq, memar olur. Xəstələrin hamısına fərdi yanaşmaq lazımdır. Ümumiyyətlə, bütün insanların özlərinə məxsus fizionomiyaları olur. Bu əməliyyatların hamısı fizionomiyaya uyğun ölçü, biçim, çizimlərlə aparılır. Həkim istəsə belə, eyni əməliyyatı, eyni üzü, eyni burunu, bədəndə olan digər əməliyyatların eynisini digər xəstəyə eləyə bilməz. Çünki bu, mümkün deyil. Cərrah özü istəsə də, hər bir icra olunan əməliyyat o cərrah üçün yeni işdir. Cərrah əməliyyata başlayanda "bu ondan da gözəl alınacaq, bu işim daha da mükəmməl olmalıdır” kimi hisslər keçirir. Ona görə də heç bir qəlibdən söhbət gedə bilməz”. 
O bildirib ki, əgər burda eynilik varsa, o, böyük ehtimalla pasiyentin seçimi olur:
"Günümüzdə nəinki Azərbaycanda, eləcə də bütün dünyada plastik rekonstruktiv cərrahiyyənin bir qolu olan plastik cərrahiyyəyə tələbat çox artıb. Aşırı piylənmələr, artıq çəki, artıq çəkini verdikdən sonra dəridə baş verən sallanmalar, yaşlılığın gətirdiyi dəyişikliklər, doğum etmiş xanımların doğumdan sonrakı bəzi dəyişiklikləri onları kompleksə salır və belə vəziyyətdə onlar estetik cərrahlara müraciət edir”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən psixoloq Elnur Rüstəmov bəzi mütəxəssislərin fikrinə qarşı bildirib ki, ümumiyyətlə, estetik əməliyyatlara kütləvi axını şizofreniya əlaməti kimi qəbul etmək doğru deyil, bu, ayrı bir psixi pozğunluq ola bilər: 
 
"Psixologiyada dismorfofobiya deyə bir pozuntu var. (Dismorfofobiya və ya Güzgü xəstəliyi — hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsi. İlk dəfə E.Morselli tərəfindən 1886-cı ildə işlədilib. Yunanca "δυσ" (dis) anti, "μορφή" (morfo) forma, "φόβος" (fobos) qorxu deməkdir. Çox vaxt heç estetiklə əlaqəsi olmayan bu xəstəlik əslində psixoloji xəstəlikdir. Şəxs bu kiçik qüsuruna fikir verir və onunla daimi məşğul olur. – Red.) Bu tip insanlarda bu qüsuru düzəltmə meyli ortaya çıxır. Əslində heç gözə batmayan bu qüsurları görən həkimlər xəstəni psixoloqa yönləndirirlər. Amma bu insanlar psixoloji problemləri olduğunu heç vaxt qəbul etmir, müalicə olunmağı rədd edirlər. Estetik əməliyyatlar üçün bütün pullarını səfərbər etməyə hazırdırlar. Bu pzountunu yaşayan insanlar bədininin hansısa bir əzasından narazıdır, narahardır və onu düzəltməyə çalışır. Bununla bağlı estetik plastik həkimlərə müraciət edir. Belə halda şizofreniya yox, hansısa bir psixoloji pozuntudan əziyyət çəkdiyini demək olar. Məsələn, insan var ki, arıqdır, ancaq düşünür ki, kökdür. Amma biz görürük ki, o anereksiyadan əziyyət çəkir və ya bunun əksi olaraq davamlı yeyir, blemiyadan əziyyət çəkir. Ona elə gəlir ki, heç nə yemir, əslində bütün günü yeyir. Ancaq bütün bu əlamətləri olan xəstələrin konkret olaraq şizofreniyadan əziyyət çəkdiyini demək heç bir halda doğru deyil”. 
Psixoloq bildirib ki, o insana, ümümiyyətlə, psixoloji pozuntu dioqnozunu da  o halda qoymaq olar ki, onlarda hər hansı bir əlamət görünsün: 
"O ki, qaldı estetik-plastik əməliyyatlara, tək Azərbaycanda deyil, bütün dünyada bu əməliyyatlar edilir və bunları edən insanların hər birinin də özlərinin səbəbləri var. Səbəblər üzərindən bu əməliyyatlar icra olunur. O ki, qaldı insanların bir-birinə bənzəmək istəməsinə, ola bilər, yaxud estetik-plastik cərrahların təklif etdiyi standartlar eynidi deyə onların içərisindən seçim edilir və bu əməliyyatlar həyata keçirilir”.
Günay İlqarqızı