Xəbər lenti

“Sabah”ın futbolçusu: “Bəlkə yeni məşqçi ilə daha yaxşı alınar”
İdman05:31 30.10.2021

“Sabah”ın futbolçusu: “Bəlkə yeni məşqçi ilə daha yaxşı alınar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” Premyer Liqanın ötən turunda "Sumqayıt”la matçda qələbə qazandı. Bu, həm də komandanın cari mövsümdə ilk qələbəsi idi. Ramin Quliyevlə mövsümə başlayan "Sabah” 7 tur qələbəyə həsrət qalsa da, məhz baş məşqçi göndəriləndən sonra bu sevinci yaşaya bildi. Hazırda komandada durum, əhval-ruhiyyə necədir?
Suallarımıza cavabı "Sabah”ın təcrübəli müdafiəçilərindən olan Slavik Alxasovdan aldıq. Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik: 
- Bundan əvvəlki turda qələbə qazandınız. Növbəti oyuna hazırlıq necə gedir?
- Keçən turda vacib qələbə qazandıq. Bu qələbəni çoxdan gözləyirdik. Əvvəlki oyunlarda bəxtimiz gətirmirdi. Şükürlər olsun ki, "Sumqayıt”la matçda qələbə qazana bildik. Növbəti matça hazırlıq yaxşı gedir.
- Ardıcıl uğursuzluqların səbəbi nə idi? Hər məğlubiyyət komandaya psixoloji təsir edirdi deyə özünüzə gələ bilmirdiniz?
- Həqiqətən bəxtimiz gətirmirdi. Hər oyuna çox ciddi hazırlaşırdıq. Ancaq qələbə üçün meydana çıxırdıq. Hər dəfə məğlubiyyət olanda psixoloji gərginlik yaranırdı.
- Sonuncu matçdan sonra psixoloji baxımdan vəziyyət düzəlib, yoxsa hələ də gərginlik var?
- Gərginlik yoxdur. Əvvəlki kimi hazırlığımızı davam etdiririk. Qələbədən sonra əhval-ruhiyyə yaxşıdır. Fərqi yoxdur, kim oynadı ya yox, uğurlu seriyanın davamını gətirmək istəyirik. 
- Ötən turda qələbə qazansanız da, sonuncu pillədə olmağınız komandanın hazırlığına necə təsir edir? Özünəinam qayıdıb?
- Hələ ki, sonuncu yerdəyik. Amma özümüzə inanırıq. Çempionatda iki oyun da udsaq, 4-cü pilləyə yüksələcəyik. Hələ heç nə itirilməyib.
- Ramin Quliyevlə yollar ayrılandan sonra komanda qələbə qazandı. Düşünmək olar ki, oyun üslubu və ya taktika baxımından problemlər vardı?
- Bu qələbədə Ramin Quliyevin də əməyi vardı. Çünki bizi hazırlayan o idi. Sadəcə, alınmadı. Başqa nə deyəsən? Yeni məşqçi gəlməlidir. Bəlkə onunla daha yaxşı alınar. Ramin müəllimlə alınmadı, bəxti həqiqətən gətirmədi. Ona gələcək karyerasında uğurlar arzulayıram.
- Ümumiyyətlə, necə düşünürsən, yeni baş məşqçiyə ehtiyac var idi?
- Bu suala cavab verə bilmərəm. Rəhbərlik, klubun prezidenti var və onlar qərar verir. Bizim işimiz meydançadır.
- Adətən yeni baş məşqçi gələndə komandada dəyişikliklər edir, müəyyən futbolçularla yollar ayrılır. Taktiki sxemləri dəyişir. Bu mənada hansısa narahatlığın varmı? 
- Bundan heç narahat deyiləm. Çünki özümə inanıram. İnşallah, klubsuz qalmaram. Müqaviləm hələ mövsümün sonunda bitəcək. Baxaq, görək ona qədər nə olacaq. Ancaq istənilən halda heç bir faiz də narahatlıq keçirmirəm. Öz gücümə, oyunuma bələdəm. 
- Son bir neçə turda əvəzetmədən meydana girirdiniz. Hətta bəzi oyunlarda heç oynamırdınız. Bunun səbəbləri maraqlıdır...
- Düzünü desəm, məşqçinin istəyi idi. İlk 11-likdə olmamağım yeni problem deyil. Hamımız komanda kimi uğurlu çıxış etmək istəyirik. Futbol həyatı belədir. Bu gün ehtiyatdasan, sabah yaxşı oynayacaqsansa, əsas heyətdə yer alacaqsan.
Səbuhi Həsənov