ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik müşaviri Ceyk Sallivanı Səudiyyə Ərəbistanı krallığının faktiki lideri, vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına göndərib. Səfər Ağ Evin Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq səyləri fonunda baş tutub.
Bu barədə Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər
verir.
Ağ Evin qısa xəbərində Sallivanın vəliəhd şahzadə və digər Səudiyyə rəsmiləri ilə danışıqlar aparmaq üçün Ciddədə olduğu bildirilir.
Ağ Evdən bildiriblər ki, danışıqlarda "daha dinc, təhlükəsiz, firavan və sabit Yaxın Şərq üçün ortaq baxışın irəli sürülməsi” təşəbbüsləri müzakirə edilib.
Digər müzakirə mövzusu Səudiyyə Ərəbistanı ilə Yəməndə İranın dəstəklədiyi husilər arasında uzun müddətdir davam edən münaqişəni həll etmək səyləri olub.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının məlumatlı rəsmisi bildirib ki, Sallivan və vəliəhd həmçinin Bayden administrasiyasının İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına dair ümidlərini müzakirə ediblər.
Səudiyyə dövlət agentliyi SPA yalnız bildirib ki, tərəflər "Səudiyyə-Amerika strateji əlaqələri və onun müxtəlif sahələrdə möhkəmləndirilməsi yollarını, həmçinin qarşılıqlı maraq doğuran son regional və beynəlxalq hadisələri müzakirə ediblər”.
Sallivanın səfərindən əvvəl dövlət katibi Entoni Blinkenin iyun ayında İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına kömək etmək səyləri çərçivəsində krallığa səfəri olub.
Blinkenin səfəri zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan deyib ki, İsraillə münasibətlərin normallaşdırılması "Fələstin xalqı üçün sülh axtarışı” olmadan yalnız "məhdud faydalar” gətirəcək.
Nizami Bağırov