Xəbər lenti

İdman 15:07 19.01.2024

Samir Abasov: “Onun gözündə yaranan qorxunu heç nə ala bilmir”

Qış fasiləsində Türkiyəyə yollanan Premyer Liqa təmsilçilərindən biri də "Sumqayıt" idi. Təlim-məşq toplanışını Antalyada keçirən "Gənclik şəhəri" təmsilçisi qardaş ölkədə iki yoldaşlıq matçı keçirdi. Oyunların birində məğlub olan komanda digərində qələbə qazandı. Ancaq nədənsə digər rəqiblərdən fərqli yeni transfer həyata keçirmədilər…

Baş məşqçi Samir Abasov Qaynarinfo-ya açıqlamasında komandasının Antalya toplanışını dəyərləndirib:

"Toplanış yaxşı keçdi, ciddi problemlərlə üzləşmədik. Türkiyədə bəzi günlərdə hava şəraiti məşqlərə mane olur. Belə gün bir dəfə oldu, həmin vaxt da məşqimizi fitness zalında davam etdirdik. Hava şəraiti ilə bağlı başqa çətinliklə üzləşmədik. Toplanışa yollanmazdan əvvəl üç yoldaşlıq görüşü planlaşdırmışdıq. Təəssüflər olsun ki, rəqiblərdən biri ümumiyyətlə oraya gəlmədi. Açığı, bu bizim də ürəyimizcə oldu. Çünki əvvəlcədən ayın 3-də toplanışa getməyi planlaşdırmışdıq, sonradan bu tarixi yanvarın 6-na dəyişdik. Çünki legionerləri əvvəlcə Azərbaycana, daha sonra Türkiyəyə aparmaq lazım gələcəkdi. Tarixi dəyişdikdən sonra futbolçularımız birbaşa Türkiyəyə gəldilər. Bu səbəbdən oyunun ləğv olunması bizə sərf etdi. Çünki oyun xətrinə oyun keçirmiş olacaqdıq. Digər iki qarşılaşma isə ürəyimizcə oldu. Birində qələbə qazandıq, digərində uduzduq. Hər ikisi möhkəm rəqib idi. 

Çempionata nə dərcədə hazır olduğumuzu bir neçə turdan sonra biləcəyik. Fasilədən dərhal sonra oyun istədiyimiz kimi alınmaya bilər. Fərqi yoxdur yay, ya da qış olsun. Rəqibdən də çox şey asılıdır. Bir-iki turdan sonra artıq kimin hansı vəziyyətdə olduğunu sezmək mümkündür. Hər oyun yorğunluq, tempsizlik mütəmadi şəkildə baş verirsə, deməli, hazırlıq zamanı nəyisə düzgün etməmisən. Səndən asılı olmayan hallarla, məsələn, zədə problemləri ilə də üzləşə bilərsən. Qarşıdakı turda Qəbələyə gedəcəyik, hansı ki, həddindən artıq çətin səfərdir, yüksəklikdə oynayacağıq. Ümumiyyətlə orada keçirilən oyunların əsasən ilk hissələrində temp aşağı olur. Bu Qəbələdəki şəraitdən asılıdır. Komandanın hazırlığı ilə əlaqəli deyil".

Abasov taktiki baxımdan çox dəyişiklər etmədiklərini bildirib:

"Taktiki baxımdan çox dəyişikliklər etməmişik. Ümumiyyətlə fasilədə oyunçu götürməmişik. Amma həm məşqlərdə, həm yoldaşlıq görüşlərində bəzi yeniliklər üzərində işlədik. Keçən il zədəlilərlə bağlı çox problemlər yaşadıq. Bu səbəbdən qış fasiləsinə qədər risklərə getməməyi düşündük. Çempionat oyunlarında sistemi tez-tez dəyişmək təhlükəli ola bilərdi. Yoldaşlıq görüşlərində isə müəyyən sistemləri sınadıq. Faydalı toplanış keçdik”.

Baş məşqçi komandasını mövsümün sonunda harda görməsi haqda sualı belə cavablandırıb:

"Realist olmaq lazımdır. Xüsusəmn də mən realist olmalıyam. Belə olmasa, "Sumqayıt”ı sevənləri, azarkeşləri məyus etmək təhlükəsi yaranar. Bizi nə gözləyir, nələr ola bilər, hamısını vurğulamalıyıq. Dəfələrlə demişəm, yeni komandayıq. Fasiləyə qədər yaxşı işlər görmüşük. Hazırda dördüncü pillədə olmağı "Sumqayıt” üçün böyük uğur sayıram. Amma nə qədər uğurluyuq, bu, mayda bilinəcək. Bilirəm ki, rəqiblərimiz həddindən artıq güclənib. Fərqli hazırlıq keçib və daha da çətin olacaq. Bu "yük”ün altından çıxıb-çıxmayacağımızı zaman göstərəcək. Çıxmasaq belə istəmirəm komanda müəyyən fikirlərlə "yüklənsin”, təzyiqlərlə üzləşsin. Möhkəm komanda qurmaq istəyiriksə, dalğavari davamiyyətə, aşağı enmələrə, yüksəlmələrə hazır olmalıyıq. Belə şeylər çox baş verəcək. Mənim borcumdur ki, komandanı buna hazırlayım. Dördüncü pillədə getməyimizə baxmayaraq, digər rəqiblərdən birbaş üstün deyilik. Əksinə, düşünürəm ki, komandalar aşağı-yuxarı eyni gücdədir. Mayda indiki mövqeyimizdə olacağımıza təminat yoxdur. Daim orada qalmaq istəyiriksə, həmin situasiyalardan keçməliyik. Nəinki biz, bütün komandalar hər oyuna qələbə üçün çıxır. Bu gün sonuncu yerdə qərarlaşan komandanın da mövqeyi qətiləşməyib. "Sumqayıt”ı digərlərindən fərqləndirən ciddi heç nə yoxdur. Hətta düşünürəm ki, əksinə, qış fasiləsində rəqiblər bizdən daha yaxşı hazırlaşıb, transferlər həyata keçirib. Müəyyən problemlərimiz var”.

Bəs "Sumqayıt”ın qış fasiləsində transfer etməməsinin səbəbi nədir, futbolçu tapmamaq, yoxsa..? Baş məşqçi bununla bağlı deyib:

"Futbolçu tapmamaq məsələsi deyil. Qışdan əvvəl planlarımızı müzakirə edəndə iki hücumameyilli vinger istədiyimi bildirmişdim. Bizə hava, su kimi lazım idi. Hansı ki, bəzi futbolçulara baxmışıq, bəyəndiklərimiz var. Bu yöndə axsamağımız sırf maliyyə ilə bağlıdır. İstədiyimiz oyunçuları gətirə bilmirik. Axtarışlarımızı davam etdiririk. Razıyam, gecikirik. Çünki digər rəqiblər bizdən bir addım irəlidədir. Ən azı iki-üç futbolçu alıblar. Bizim vingerlər isə sıradan çıxdığı üçün yenilərini almaq zərurəti yaranıb, buna məcburuq. Alınmamasının da səbəbi maliyyədir. Hələ ki istədiyimiz futbolçuları razı sala bilməmişik. Həddindən artıq narahatam. Ən çox da ondan narahatam ki, qışdan əvvəlki vəziyyətə düşsək, daha bunun altından çıxa bilməyəcəyik. Yadınıza gəlirsə, hər oyunda zədəlilərimiz olurdu. Bəzən dörd, beş futbolçumuz kənarda qalırdı. Birinin ayağı sındı, biri fərqli formada zədələndi. "Əlinin papağını Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoymaqla” birtəhər bu vəziyyətdən çıxdıq. Artıq qış fasiləsindən sonra isə rəqiblər üçün açıq kitabıq. Bizi rahatlıqla oxuyacaqlar. Futbolçuları da tanıyırlar. Bilirlər ki, zədəlilər olanda hansı futbolçunu harda, necə oynada bilərəm. Artıq sürprizimiz, gizli silahımız qalmayıb. Bunu "yeni qanla" sığortalamaq, həm də kollektivdə fərqli əhval-ruhiyyə yaratmaq mümükün idi. Təəssüf ki, bunu edə bilməmişik. Ona görə də qışdan sonra həddindən artıq problemli vəziyyətlərdən çıxa bilməyəcəyimizdən narhatam. Buna hamı hazır olmalıdır".

Mütəxəssis Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində aşağı dəstə təmsilçisi "Lerik"lə oyunda ayağı sınan "Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin son durumu haqda da məlumat verib:

"Maydan sonra məşlərə başlaya bilsə, Allaha şükür edəcəyik. Adam hələ də dördayaqlı çəliklə gəzir. Maydan sonra düzəlsə belə formaya düşmək məsələsi var. İstənilən halda hazırda onunla yollarımızı ayırmağı düşünmürük. Klub olaraq insani cəhətdən öhdəliyimizə düşənləri edəcəyik. Gəzəndən, məşqlərə başlayandan sonra Velinovski ilə bağlı qərarımızı verəcəyik. Hazırda o uşaqla yollarımızı ayırmağı qəti istəmirik. Belə söhbət ola bilməz. Sağalandan sonra nə olacaq, bunu bilmirəm. Faktiki vingerimizi mövsümün sonuna qədər itirmişik. Belə zədədən sonra futbolçu çox çətin şəkildə özünə gəlir. Onun gözündə yaranan qorxunu heç nə ala bilmir. Fiziki durumunu düzəldə bilərsən, amma futbolçunun evini yıxan məhz bu kimi zədələrdən sonrakı qorxudur”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->