
Ermənistan prezidenti Serj Sərkisyan Afrikanın illərdir qanlı vətəndaş müharibəsi içərisində olan ölkəsi Sierra-Leonedə almaz biznesi var.
Virtualaz.org-a daxil olmuş məlumatlar əsasında aparılan araşdırma göstərir ki, Ermənistan prezidenti və baş naziri, Xarici İşlər Nazirliyi, ali kilsə rəhbərliyi və kriminal-oliqarx iş adamından ibarət mütəşəkkil şəbəkə bu Afrika ölkəsindən qaynaqlanan mürəkkəb və çirkli almaz biznesi ilə məşğuldur.
Bu mürəkkəb mexanizmdə dövlətin, kilsənin, qanunun, biznesin və kriminalın harada başlayıb, harada qurtarmasından baş açmaq həqiqətən çətindir.
Hər şey almaz biznesi ilə məşğul olan iş adamı Paylak Ayrapetyanın ona məxsus olan əmlakın və vəsaitin Kiprdə qeydiyyatda olan “Wlispera Holdings Limited” offşor şirkəti tərəfindən mənimsənilməsi barəsində açıqlamasından sonra ortaya çıxıb.
Kiprin rəsmi dövlət qeydiyyat sənədlərinin təqdim olunmasından sonra aydın olub ki, “Wlispera Holdings Limited” offşor şirkətinin səhmdarları Tiqran Sərkisyan, erməni kilsəsinin Ararat iyeparxiyasının arxiyepiskopu Navasard Kçoyan və almaz biznesi ilə məşğul olan Aşot Sukisyandır.
Kriminal aləm və transmilli cinayətkarlıqla bağlı olan, bir neçə dövlət tərəfindən axtarışa verilən Aşot Sukisyan arxiyepiskop Navasard Kçoyan vasitəsilə Ermənistanın siyasi rəhbərliyinə, xüsusilə prezident Serj Sərkisyan və baş nazirdən çox Serj Sərkisyanın çirkin pullarının idarəçiliyi ilə məşğul olan “bankir” Tiqran Sərkisyana yol tapa bilib.
İrəvanın küçələrində ən son model “Bently” ilə şütüyən kilsə xadimi Navasard Kçoyana bu avtomobili elə Aşot Sukisyan hədiyyə edib.
Araşdırmalara görə, Aşot Sukisyan Avropanın, ABŞ-ın və dünyanın digər nüfuzlu almaz emal edən şirkətlərinin almaqdan imtina etdikləri “qanlı” Sierre Leona almazını Ermənistana gətirmək və sovet dövründən qalmış Ermənistanın almaz emalı müəssisələrində emal etmək və Şarja və Dubayda erməni siyasi elitasına məxsus zərgərlik dükanları vasitəsilə satmaq kimi biznes mexanizmini təklif edib.
Avropa və ABŞ öz şirkətlərinə bu almazı almağı ona görə qadağan edib ki, Sierra Leondakı vətəndaş müharibəsinin səbəbi elə almaz uğrunda mübarizədir və hər il minlərlə insan Afrikada almaz müharibələrin qurbanı olur.
Şəxsən Xocalıda yüzlərlə mülki insanın qətlinə əmr verən və bundan fəxr duyan Serj Sərkisyanı uzaq Afrikada qan bahasına başa gələn almazmı narahat edəcək? Belə görünür ki, yox.
Tiqran Sərkisyan tərəfindən bu mexanizm Serj Sərkisyana təklif olunanda o, fikirləşmədən əməliyyata keçmək barəsində göstəriş verir. Hər şey sanki Leonardo di Kaprionun baş qəhrəman rolunda çıxış etdiyi “Blood Diamond”(“Qanlı almaz”) filminə bənzəyirdi.
Ermənistanın siyasi rəhbərliyi hələ sovet dövründən almaz biznesi ilə məşğul olmuşdu. SSRİ dağıldıqdan sonra Rusiyanın almaz sənayesindəki bərbad vəziyyətdən istifadə edən Ermənistan rəhbərliyi 1993-2004-cü illər arasında böyük həcmdə Rusiya xam almazını Ermənistana gətirməyə və onu emal edərək satış əməliyyatından ildə 250-300 milyon dollar dəyərində vəsait götürməyə müvəffəq olub.
Vaxtilə Ermənistan xüsusi xidmət orqanının rəhbəri və müdafiə naziri olmuş Serj Sərkisyanın da hələ o vaxtdan Rusiyanın kriminal aləmi ilə bağlı olan bu almaz biznesində əli və sanballı payı var idi.
Amma Rusiyanın oliqarxiyası vahid nəzarət altına götürüldükdən sonra bu ölkənin aparıcı almaz emalçısı olan “ALROSA” şirkəti çıxardığı almazı özü emal edərək daha baha qiymətə satmağa başladı. Nəticədə Ermənistan almaz xammalından, Serj Sərkisyan isə milyonlarla gəlirdən məhrum oldu. O vaxtdan etibarən Ermənistanın almaz biznesi tənəzzülə doğru getməyə başladı.
Belə bir vaxtda Aşot Sukisyanın Afrikanın qeyri-leqal və qanlı xam almaz biznesinə girişmək təklifi lap yerinə düşür. Almaz biznesi ilə məşğul olan iş adamı Paylak Ayrapetyan da bu maxinasiyanın və Ermənistan iqtisadiyyatının kriminal qaydalarının qurbanı olur.
Paylak Ayrapetyan onun özünün dediyi kimi, 2009-cu ildə baş nazir, baş nazirin müavini, Aşot Sukisyan və arxiyepiskop Navasard Kçoyanın iştirakı ilə hökumət iclasına dəvət edilib. Məlum olduğu kimi, keşiş Navasard Kçoyanın işi burada yalnız xeyir-dua vermək olmayıb. O, Aşot Sukisyanı və Paylak Ayrapetyanı yüksək hökumət dairələrinə çıxarıb. Bunun müqabilində “Bently” avtomobili və Kiprdəki offşor hesabda öz payını alıb.
İclasda razılığa gəlinib ki, Paylak Ayrapetyan Sierre Leondan almazı çıxarıb Ermənistana gətirmək üçün sərmayə qoymalıdır. Nəticə etibarilə Paylak Ayrapetyan baş nazir Tiqran Sərkisyan, arxiyepiskop Navasard Kçoyan və almaz biznesi ilə məşğul olan Aşot Sukiasyanın səhmdarları olduğu “Wlispera Holdings Limited” ofşor şirkətinə milyonlarla dollar köçürüb.
Ermənistanın rəsmi dövlət bankları vasitəsilə bu pul “Wlispera Holdings Limited” şirkətinə köçürülsə də sonda Paylak Ayrapetyan nəinki bu pulu, hətta Ermənistandakı əmlakını da itirməli olub. Bank köçürmə sənədlərində adları göstərilsə də bankir baş nazir, keşiş və dəllal işbaz bunu inkar ediblər.
Rusiyada və Afrikanın bir çox ölkələrində barəsində axtarış verilən Aşot Sukiasyanın isə izahatı belə olur ki, Sierre Leondakı biznes alınmadı və ona görə də pullar batdı.
Bu mürəkkəb mexanizmdə aydın olan odur ki, Serj Sərkisyanın rəhbərlik etdiyi dövlət-kilsə-kriminal üçlüyü çirkli və qan yolu ilə əldə edilmiş almazı sata bilməyən afrikalı müharibə cinayətkarlarından və işbazlardan almazı alaraq Ermənistanda emal edir və onun daha baha qiymətə sonra satışı ilə məşğul olurlar.
Ermənistanın almaz mafiyasının marketinq və Afrikada yeni bazarlar tapmaq tapşırığını isə Aşot Sukiasyan ilə birlikdə xarici işlər naziri Edvard Nalbəndyan da yerinə yetirir. Ermənistan XİN-in almaz mafiasiyası ilə bağlılığını hələ Vartan Oskanyan yaradıb. Kaliforniyada və Belçikanın Antverpen şəhərində almaz biznesinə sahib olan Vardan Oskanyan xarici işlər naziri olandan sonra daha fəal şəkildə bu biznesini davam etdirib.
Edvard Nalbəndyan isə şəxsi almaz biznesinə malik olmasa da Afrikada yeni almaz mənbələrini tapmaqda xüsusi canfəşanlıq göstərir. Bu cür sədaqətli xidmətinə görə vəzifədə saxlanılır və biznes uğurlu olduqda mafiyanın başında duran Sərkisyan tərəfindən mükafatlandırılır.
2012-ci ilin yayında vətəndaş müharibəsinin tüğyan etdiyi Konqo Demokratik Respublikasına səfər edəndə Ermənistan müxalifəti heç cür bu məntiqi anlaya bilməmiş və parlamentdə Nalbəndyan dövlət vəsaitini israf etməkdə ittiham olunmuşdu.
Beynəlxalq tədbirlərdə əsasən mərkəzi Afrika ölkələri ilə görüşlərə üstünlük verən Nalbəndyanın bu kimi “diplomatik addımları” da başa düşülmürdü. Efiopiyadakı erməni kilsəsi isə Afrikadakı qanlı almaz biznesinin qaranlıq məqamları ilə əlaqədar Edvard Nalbəndyana öz tövsiyə və təkliflərini verməklə məşğuldur.
Nəhayət, Ermənistanın “Snowden”i olan Paylak Ayrapetyanın açıqlamasından sonra hər şey aydın oldu.
Bundan əlavə, E.Nalbəndyanın əlində qeyri-leqal almaz biznesini təşkil etmək üçün ikinci böyük bir silah var ki, bu da diplomatik kuryer xidmətdir. Beynəlxalq hava limanlarında yoxlamadan azad olan diplomatik poçt bilavasitə Nalbəndyanın himayəsi altında Sərkisyanın almaz biznesində nəqliyyat daşımaları funksiyasını yerinə yetirir.
Yəqin ki, Nalbəndyan bu texnikanı Şimali Koreyadan öyrənib. Şimali Koreya diplomatik poçt xidmətinin brilyant, nüvə materialları, saxta pullar və orqan daşımaları üzrə “maraqlı təcrübəsi” mövcuddur.
Paylak Ayrapetyan isə bu böyük və gözü doymayan kriminal mexanizmin kiçik qurbanlarından biri olub. Amma bütün hədə-qorxulara baxmayaraq Paylak Ayrapetyanın mətbuata açıq məktubla müraciət edəcəyi və “Wlispera Holdings Limited” şirkətinin əməllərini ortaya qoyacağını heç kim gözləmirdi.
Baş bankir Tiqran Sərkisyan hər şeyi çox yaxşı qurmuşdu, amma bircə Paylak Ayrapetyanın cəsarətini düzgün qiymətləndirə bilməmişdi.
Vaxtilə Ermənistanın milli bankının sədri olmuş Tiqran Sərkisyan bank maxinasiyaları və offşor əməliyyatlar üzrə mütəxəssisdir. Elə bu keyfiyyətinə də Serj Sərkisyan tərəfindən bu vəzifəyə gətirilib.
Almaz biznesini tam ələ keçirmək üçün prezident seçildikdən bir il sonra - 2009-cu ildə qondarma dövlət proqramı qəbul edən Serj Sərkisyan bu sahədə iş adamlarına “sərbəstlik” verildiyini bəyan edib. Paylak Ayrapetyan da 3,5 milyon dollar dəyərində investisiya qoyaraq 400 nəfərin çalışdığı almaz emalı müəssisəsi yaradıb.
Paralel olaraq, Serj Sərkisyan Rusiyadakı kanallarını işə salaraq bu ölkənin Ermənistana 2009-ci ildə ayırdığı 500 milyon dollarlıq kreditin 100 milyonunu xam almaz formasında almaq üçün razılıq əldə edib.
Əslində bu proqram ona görə ortaya atılmışdı ki, Paylak Ayrapetyan kimi iş adamları və erməni diasporunda pulu olan adamlar üzə çıxsınlar və Afrika və Ermənistanı əhatə edən bu işə sərmayə qoyub müəssisələr yaratsınlar. Mexanizm işə düşüb gəlir əldə edən kimi müxtəlif dövlət rıçaqlarından istifadə edərək onların “özəlləşdirilməsi” nəzərdə tutulmuşdu.
Serj Sərkisyanın pula hərisliyini və öz marağını hər şeydən üstün tutmasını göstərən digər çox maraqlı məqam ondan ibarətdir ki, 2009-cu ildə dünya maliyyə böhranı nəticəsində xüsusilə emal sənayeləri və almaz biznesi iflasa uğradığı halda o, dövlət kreditini iqtisadiyyatın digər ən çox ehtiyac duyan sahələrinə yönəltmək əvəzinə tam ələ keçirmək istədiyi almaz biznesinə yönəltmişdi.
Serjik Tiqranın xüsusilə bir xidmətini unutmur. 2003-cü ildə Monte-Karlo kazinosunda böyük məbləğdə pul uduzanda, məhz Tiqran Sərkisyan ölkə büdcəsindən silməyə müvəffəq olduğu pullarla Serj Sərkisyanı xilas etmişdi. O zaman prezident olmayan Serjikin təbii ki, indiki qədər pulu ola bilməzdi.
Serj Sərkisyandan olsa, qeyri-leqal biznesindən, o cümlədən qanlı almaz satışından gələn pulları nağd formada yığardı. Necə ki, qardaşı Saşik 45 milyon dollar nağd pulla ABŞ-a getmək istəyirdi və ABŞ gömrüyü tərəfindən saxlanmışdı.
Bankir Tiqran Sərkisyan offşor şirkətlər və qeyri-qanuni yollar vasitəsilə, bu pulların necə yuyulmasını və “sivil” qaydada toplanmasını və xərclənməsini Serj Sərkisyana öyrətməyə qismən müvəffəq olub. Təkcə bu sonuncu biabırçılıq olmasaydı, hər şey yaxşı gedirdi...
Qaynar.info