Ukrayna prezidenti Volodimir Zelenski işğalın ilk saatlarında rus qüvvələrinin onu tutmağa yaxın olduqları haqqında danışıb.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə o "Time” jurnalına müsahibəsində
deyib.
O, hücum başlayandan sonra, hər tərəfdən gələn partlayış səsləri içində həyat yoldaşı Alyona ilə qızı və oğlunu yuxudan oyandırmaq üçün getdiklərini xatırladıb.
Ona məlumat verilib ki, rusiyalı zərbə qurupları onu və ailəsini öldürmək və ya ələ keçirmək üçün paraşütlə Kiyevə düşüblər.
Zelenskinin aparat rəhbəri Andrey Yermak deyir: "O gecədən əvvəl biz belə şeyləri ancaq filmlərdə görmüşdük”.
"Time” jurnalının müxbiri Şuster yazır ki, gecə düşəndə hökumət məhəlləsi ətrafında atışmalar başlayıb. Prezidentin yerləşdiyi yerdə mühafizəçilər işıqları söndürüb və prezidentə, onun ətrafındakılara gülləkeçirməz gödəkcə və avtomatlar veriblər.
Orada silahdan istifadəni bilən az adamlardan biri prezidentin hərbi məsələlər üzrə müşaviri, keçmiş hərbçi Aleksey Arestoviç olub. "Əsil dəlixana idi. Hamıya avtomat verilmişdi”, - o deyib.
Şuster deyir ki, prezidentin ailəsi orada olanda ruslar iki dəfə həmin yeri götürmək üçün hücum edib.
Sabahı günü ABŞ və Britaniya qüvvələri tərəfindən ölkədən çıxarılması təklifini rədd edəndən sonra Zelenski yerləşdikləri məkandan həyətə çıxıb və məşhur video müraciətini çəkib.
O deyir ki, həmin anda müharibədə öz rolunu həqiqətən dərk edib.
"Başa düşürsən ki, onlar sənə baxır. Sən simvolsan. Sən dövlət başçısı necə hərəkət etməlidirsə, elə hərəkət eləməlisən”.
Nurlan Hüseynov