Xəbər lenti

Dünya 17:15 02.04.2024

Seçkidən sonra Türkiyə siyasəti: Ərdoğanın rəqibi kim olacaq? (ŞƏRH)

"Yaxın 4 il ərzində Türkiyədə növbədənkənar prezident və ya parlament seçkiləri keçirilməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. Ekspert qeyd edib ki, bələdiyyə seçkiləri bütün partiyalara müəyyən mesajlar verdi:

"Bələdiyyə seçkisi seçicilərin Türkiyənin bütün siyasi dairələrinə açıq mesajı, xəbərdarlığı idi. Bələdiyyə seçkisindən dərhal sonra müxalifət tərəfindən erkən prezident və parlament seçkilərinin keçirilməsi təklifləri də səslənməyə başlayıb. Düşünmürəm ki, Türkiyədə erkən prezident və parlament seçkiləri keçirilsin. Çünki bələdiyyə seçkilərinin nəticələri maraqlı mesajlar verdi. Seçkilər göstərdi ki, seçici sosial problemlərin həll edilməsi və dəyişikliklərin aparılması zamanının gəlib çatdığı mesajını verdi. AKP bir çox yerlərdə bələdiyyə namizədini dəyişdirməmək qərarını verdi ki, seçici də həmin qərara etirazını bildirdi". 
 


Vüqar Zifəroğlu qeyd edib ki, Yenidən Refah Partiyası ənənəvi sağçı və sağ-mərkəzçi qüvvələrin üstün olduğu bölgələrdə səs toplamağı bacarıb:

"Yəni onlar AKP-nin bəzi səslərini aldılar. Bu, sağ düşərgəyə verilən ciddi mesaj oldu. İYİ Partiya da gözlənilən nəticəni əldə etmədi. Nəticədə partiyada ciddi narazılıqlar yarandı. Bu partiyanın növbədənkənar qurultaya getməsi gündəmdədir. MHP-nin də səslərində azalma  müşahidə olunur. Bu da onu göstərir ki, millətçi sağ düşərgədə də müəyyən dəyişikliklərin olması zəruridir".

Ekspert qeyd edir ki, Türkiyədə bələdiyyə seçkilərində qələbə əsla siyasi partiyanın qələbəsi kimi qiymətləndirilə bilməz:

"Çünki burada şəxsiyyət faktoru, bölgə insanının namizədliyini irəli sürmüş şəxsə münasibəti önəmlidir. Amma şəxsiyyət faktorunu tamamlayan ideoloji oturuşma da önəmlidir. CHP son 20 ildə sol mərkəzçilikdən uzaqlaşıb. Bu da onun AKP-yə məğlubiyyətini şərtləndirirdi. AKP isə sağ mərkəzdə boşluğun olması səbəbindən qalib gəlirdi". 

Vüqar Zifəroğlu düşünür ki, erkən prezident seçkiləri ilə bağlı çağırış edən partiyalar belə indiki halda ona hazır deyil:
 
"Qarşıdan gələn 4 il bütün partiyalar üçün son dərəcə məsuliyyətli və gərgin əmək tələb edən dövr olacaq".

Ekspert düşünür ki, 2028-ci ildəki prezident seçkilərində Əkrəm İmamoğlu ilə Ərdoğanın üz-üzə gələ bilər:

"Yaxın 4 ildə nələrin baş verəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hələ Əkrəm İmamoğlu müxalifətin ən real və şanslı namizədi qismində görünür. Lakin 4 ildən sonra necə olacağını indidən demək olmaz. Mümkündür ki, qarşıdan gələn 4 ildə sağ və sağ-mərkəz düşərgələr tamam başqa alternativlər çıxarsınlar".

Qeyd edək ki, Türkiyədən olan analitik Engin Özər müxalifətin martın 31-də bələdiyyə seçkilərində qalib gəldikdən sonra erkən prezident seçkilərinin keçirilməsini tələb edəcəyini iddia edib. Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) uğursuzluğunun bir  neçə ciddi səbəbi var, məsələn, yüksək inflyasiya (65%), pensiyaların az olması və sair kimi. Özər əlavə edib k,  böyük ehtimalla 2025-ci ildə erkən prezident seçkiləri keçiriləcək. Analitik iddia edir ki, bu posta namizədlərin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olacağı ehtimal edilən Əkrəm İmamoğlu və ya AKP-nin sədri postuna gətirilən Səlcuq Bayraktarın olacağı gözlənilir. Türkiyə qanunları ardıcıl iki müddətdən artıq vəzifə tutmağa icazə vermədiyi üçün hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən namizədliyini irəli sürə  bilməyəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?