Xəbər lenti

Səhnəmizin “qaynana”sının 98-ci ildönümüdür
Sənət10:00 20.04.2015

Səhnəmizin “qaynana”sının 98-ci ildönümüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən xalq artisti Nəsibə Zeynalovanın  99-cu ildönümüdür. 

O, tamaşaçı məhəbbətini qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacararan fenomen aktrisadır. Dövlət mükafatı laureatı Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Belə ki, aktrisa geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik idi. Onun xüsusi peşəkarlıqla canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir.

Aktrisa 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalovdur. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar kolxoz və sovxoz teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. 

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

Azərbaycanın xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Qaynar.info