Xəbər lenti

Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var
Ekonomiks 14:41 06.08.2024

Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var

"3 il çalışdığım şirkətdən artıq 7 aydır, ayrılmışam. Lakin işlədiyim müddətdə istifadə etmədiyim 90 gün məzuniyyət günüm üçün son haqq-hesabım verilmir”.

Bu sözlərlə "Qafqazinfo”ya "Orion Global” MMC-dən şikayətçi olan keçmiş işçilərdən biri Jalə Mürsəlova müraciət edib.

Xanım iddia edir ki, 3 il mühasib vəzifəsində işlədiyi şirkət onun haqqı olan pulu vermir: "2021-ci ilin 1 iyun tarixində işə başlamışam. Ötən ilin dekabrında da işdən çıxmışam. Həmin müddət ərzində mənim 90 gün məzuniyyətim var idi. Lakin istifadə etməmişdim. İşdən ayrılarkən həmin məzuniyyət günlərimin əvəzində pulumu, 2297,37 manatı tələb etdim. Onlar isə verməyəcəklərini bildirdilər. Bundan əlavə, istədiyim yerə də şikayət edə biləcəyimi qeyd etdilər. Kimə güvənib, kimə arxalanıb bunu edirlər anlamıram...”

Jalə Mürsəlova deyir ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyi ilə danışmağa çalışıb, lakin razılıq əldə edə bilməyib. Bundan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib: "Tələb olunan sənədləri vermişəm. Bank çıxarışlarım yoxlanılıb. Həqiqətən şirkətin mənə son haqq-hesab ödəmədiyi sübut olunub. Müfəttişliyin son sözü o oldu ki, məhkəməyə müraciət etmək hüququm var”. 

Sözügedən şirkətin daha bir keçmiş işçisi Səbuhi Novruzov da bənzər problemlərdən şikayətçidir. Onun sözlərinə görə, imzası olmadan əmək müqaviləsinə xitam verilib: "Mən işdən azad olmağım barədə heç bir ərizə yazmamışam və heç bir yerə bu barədə imza atmamışam. Belə çıxır ki, əmək müqaviləsinə xitam "Orion Global” MMC tərəfindən verilib. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mənə dövr üzrə son haqq-hesabım rəsmi olaraq ödənilməyib”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, şikayətçinin müraciətinə baxılıb: "Vətəndaş Mürsəlova Jalə Rafiq qızının "Orion Global” MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılıb. Araşdırma zamanı vətəndaş tərəfindən təqdim edilmiş izahatda işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadə etmədiyi və əsas tələbinin son haqq-hesabının düzgün hesablanaraq ödənilməsi olduğunu qeyd edib.

Müraciətin araşdırılması məqsədilə "Orion Global” MMC-nin ünvanına Xidmətin Bakı şəhər İdarəsi tərəfindən məktub göndərilib və vətəndaşa aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunub, lakin sənədlər təqdim edilməyib. Jalə Mürsəlova izahatında işlədiyi son bir il ərzində əmək haqqını nağd şəkildə aldığını qeyd etdiyindən, son haqq-hesabının ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirmək mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən Jalə Mürsəlova ilə "Orion Global” MMC arasında bağlanmış 01.06.2021-ci il tarixli əmək müqaviləsinə 06.12.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olub. 

Məlumat üçün bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmayıb.

Bildiririk ki, "Orion Global” MMC-nin rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə vətəndaşın müraciətinə yenidən baxılaraq cavab veriləcək. 

Müraciətdə qeyd edilmiş məsələnin həlli ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

Xidmətdən o da bildirilib ki, şikayətçi olan digər vətəndaşın da müraciəti aidiyyəti üzrə araşdırılacaq. 

İddialarla əlaqədar "Orion Global” MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticə vermədi. Belə ki, nə şirkətin rəhbəri Turqay Müslümlü, nə də digər əməkdaşlar zənglərimizə cavab verib suallarımızı cavablandırmaq istədi. 

Məlumat üçün bildirək ki, "Orion Global” MMC qida, qeyri-qida məhsullarının ölkəyə idxalı və ixracı, eyni zamanda digər xidmətləri göstərən şirkətdir. 

Qeyd edək ki, Turqay Müslümlü sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğludur. Yerli mətbuatda son illərdə T.Müslümlünün biznesinin çökməsi barədə məlumatlar yayımlanıb. Hətta "Orion Global” MMC adından götürülən kreditlərin ödənilməməsi səbəbindən şirkət müvafiq bank tərəfindən məhkəməyə də verilib. Borclar nəticəsində eks-nazir oğlunun təsisçisi olduğu şirkəti satdığı haqda iddialar da var. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->