Rusiya müxalifətçisi İlya Yaşin Çeçenistan rəhbəri Ramzan Kadırova açıq müraciəti lentə alıb.
Qaynarinfo xəbər verir ki, "YouTube"da yayımlanan videonun annotasiyasında fəal iddia edir ki, Çeçenistan lideri guya qanunlara tüpürərək tənqidçiləri hədələyir.
O, həmçinin iddia edir ki, Rusiya polisi və hətta Rusiya prezidenti Vladimir Putin də bu qanunsuzluğa səssizcə baxır. Nəticədə Yaşin Kadırovun istefasını tələb edib.
"Salam, Ramzan, mənim adım İlya Yaşindir. 7 il əvvəl, 2015-ci ilin fevralında sənin tabeliyində olanların öldürdüyü Boris Nemtsovun dostuyam", - o, müraciətinə belə başlayıb. O, qətli törədənləri xatırladıb. Onun sözlərinə görə, Kadırov bu insanları "əsl vətənpərvər və qəhrəman” adlandırıb. Bununla belə, Yaşin onları şəhər küçələrində silahsız insanları arxadan güllələyən "quldur və qorxaq” hesab edir.
Bundan əlavə, o, Çeçenistan rəhbəri ilə federal hakim Səidi Yanqulbayev arasında münaqişəni xatırladıb. O, həmçinin xatırladıb ki, Kadırov "Novaya qazeta”nın jurnalisti Yelena Milaşinanı terrorda ittiham edib. Bundan əlavə, Yaşin Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü İqor Kalyapinə Kadırovun təhdidlərini xatırladıb.
O, həmçinin Çeçenistan lideri, Dövlət Dumasının deputatı Adam Delimxanovun "sağ əli”nin sözlərinə işarə edib. O, "Yanqulbayevlərin başını kəsəcəyinə” söz verib. Daha sonra Yaşin Putinin portreti altında əyləşən və müxaliflərə repressiyalar yaşadacağını vəd edən çeçen məmurları haqqında danışıb. Müxalifətçi bunu da xatırladıb ki, Qroznının mərkəzində izdihamlı etirazçılar region rəhbərinin opponentlərinin portretlərini yandırıblar.
Nəticədə Yaşin bildirib ki, Rusiyada özünü belə aparmaq olmaz. Onun sözlərinə görə, Rusiya Federasiyasında hamının bərabər olduğu deyən qanunlar var: mağazadakı satıcıdan tutmuş ölkə prezidentinə qədər.
"Qulaq as, Ramzan, bütün bu hərəkətləriniz həddini aşdı. Və kimsə sənə açıq-aydın deməlidir ki, özünü belə apara bilməzsən!" - Yaşin vurğulayıb.
Onun sözlərinə görə, Kadırov dövlət məmurudur və özünü dövlətdən üstün tutmağa, həmçinin onu tənqid edən hüquq müdafiəçiləri və jurnalistləri hədələməyə haqqı yoxdur. Əks halda o, Çeçenistan rəhbəri vəzifəsindən istefa məktubu yazmağa borcludur.
O, həmçinin Çeçenistan liderinin dövlət başçısını ikinci atası adlandırdığını xatırladıb. Yaşinin fikrincə, siyasi baxımdan belədir. Eyni zamanda o qeyd edib ki, Rusiya prezidenti heç vaxt açıq şəkildə Kadırovu öz yerində oturtmayıb. Yaşin onu da qeyd edib ki, Kadırovun özü də Rusiya prezidentliyini hədəfləyir.
"Bu gün istefanızı tələb edən petisiya üçün imza topladığını elan edirəm. Sizin kimi adam dövlət məmuru olmamalıdır! Siz getməlisiniz", - deyə müxalifətçi yekunlaşdırıb.
Bu arada, Znak.com-un məlumatına görə, Yaşin prezident administrasiyasına Kadırovun istefası üçün ərizə göndərmək niyyətindədir. Onun sözlərinə görə, o, Kremlin, cəmiyyətin və Kadırovun özünün görməsini istəyir ki, getdikcə daha çox insan "narazılığını ucadan səsləndirməyə” hazırdır.
Alpər
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/qirqAIvv2S8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">