"Sentyabr görüşü ilə bağlı optimist proqnoz verə bilməyəcəyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Azərbaycanla Ermənistan arasında sentyabrda ehtimal edilən danışıqlardan gözləntiləri dəyərləndirərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistanın fəaliyyəti onu deməyə əsas verir ki, İrəvana etibar etmək mümkün deyil:
"Ermənistan sülh danışıqları adı ilə vaxtı uzatmaq, uyğun zamanı gözləmək cəhdlərində bulunur. Eyni zamanda, İrəvanın müxtəlif variasiyalara əl atmaq cəhdləri onu deməyə əsas verir ki, sentyabrda vəd olunan görüş bu vaxta qədər olan təmasların nəticələri kimi olacaqsa, onun faydalı iş əmsalı da aşağı olacaq. Ermənistanın təxribatlar törətməsi bu ölkənin bəyan etdiyi sülh bəyanatına ziddir. Bu amil sentyabr danışıqlarına optimist yanaşmağa imkan vermir”.
Konfiliktoloqun sözlərinə görə, İrəvan rəsmilərinin sentyabrda danışıqların növbəti raundunun olması ilə bağlı açıqlaması da bu mənada sadəcə vaxtı udmağa, manevr etməyə hesablanmış addımdır:
"Bütün bunlara görə, sentyabrda vəd olunan danışıqlara optimist yanaşmıram”.
Bundan əvvəl Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun sentyabrda olacağı gözlənilir. Tərəflər arasında sonunca görüş iyulun 25-də Moskvada xarici işlər nazirləri səviyyəsində baş tutub.
Rüfət Sultan