Ukraynanın işğal olunmuş ərazilərində referendumlar sentyabrın 23-dən 27-dək keçiriləcək. Qondarma "DXR” və "LXR”-də referendumların keçiriləcəyi elan edilib və səsvermə rəsmi olaraq həmin tarixlərə salınıb. Səsvermənin sentyabrın 23-dən 27-dək keçiriləcəyi barədə məlumatı "LXR Xalq Şurası” adlanan qurumun nümayəndələri açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Meduza-nın Rusiya Prezident Administrasiyasına yaxın iki mənbəsi bildirib.
Sentyabrın 20-də "LXR” deputatları "Rusiya Federasiyasına Rusiya Federasiyasının subyekti kimi daxil olmaq məsələsi üzrə Luqansk Xalq Respublikasının referendumunun keçirilməsi haqqında” qanunu qəbul ediblər. Qanunu qondarma respublikanın rəhbəri Leonid Paseçnik imzalayıb. Qondarma "Donetsk Xalq Respublikası” da analoji sənəd qəbul edib.
Rusiya hakimiyyəti referendumların keçirilməsini dəstəkləyib. "Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçak "referendumun keçirilməsinə ehtiyac olduğunu və uzun müddətdir ki, lazım olduğunu” deyib. "Dürüst və açıq səsvermə onun nəticələrini de-yure birdəfəlik təmin edəcək. De-fakto, Donbas və azad edilmiş ərazilər artıq Rusiyadır”, - Turçak bildirib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sentyabrın 20-də keçirilən iclasda deyib ki, əgər "DXR” və "LXR” Rusiyaya "birləşdirilməsinə” səs verirsə, deputatlar "bunu dəstəkləməlidirlər”.
Kremlə yaxın "Meduza”nın üç mənbəsi vurğulayır ki, Rusiya hakimiyyətinin planına əsasən, "referendumlar” Ukrayna qoşunlarının irəliləyişini dayandırmaq üçün nəzərdə tutulub, guya bundan sonra ukraynalılar "Rusiya ərazisində irəliləməyə risk etməyəcək” (halbuki Rusiya Federasiyasının sərhəd bölgələri indi də müntəzəm olaraq atəşə tutulur). Rəsmi Kiyev artıq bəyan edib ki, gözlənilən "səsvermələr” heç nəyi dəyişməyəcək və onalrı "uydurma” adlandırıb.
"Meduza”nın həmsöhbətləri bildirirlər ki, əks-hücum davam edərsə, Rusiya hakimiyyəti Rusiyada qismən səfərbərlik elan edəcək və hərbi vəziyyət tətbiq etmək niyyətindədir. Onların fikrincə, bu "yeni şərtlər”lə əlaqədar prezident administrasiyası və Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi ehtimalı var.
Nizami Bağırov