Serbiyanın müxalifət partiyalarından olan deputatlar ölkə parlamentinin (Xalq Məclisinin) iclasını pozmağa cəhd ediblər. Onlar zalda rəngli tüstü qumbaraları atıb və Serbiya prezidenti Aleksandr Vuçiçin devrilməsinə çağıran plakat açıblar. Bu zaman parlament binası qarşısında tələbələrin etiraz aksiyaları davam edirdi.
Qaynarinfo bu barədə Kommersant-a istinadla xəbər
verir.
Martın 4-də Serbiya parlamentində yaz sessiyasının ilk iclası baş tutub. Gündəlikdə 62 məsələ olub. Müxalif "Yaşıl-Sol Cəbhə” partiyası gündəlikdən bütün məsələlərin çıxarılmasını, yalnız təhsil qanununa düzəlişlərin və vəzifə təyinatları ilə bağlı təkliflərin (o cümlədən baş nazir Miloş Vuçeviçin istefasının təsdiqinin) müzakirəyə buraxılmasını tələb edib. Partiyanın iddiasına görə, "texniki hökumət yeni qanun layihələri təqdim edə bilməz”.
Bir müddət sonra müxalifətçi deputat Radomir Lazoviç çıxış üçün növbəsiz tribunaya yönəlib, lakin onu dayandırmağa çalışıblar və nəticədə digər deputatlarla qarşıdurma yaranıb. Zalda tüstü qumbaraları partladılıb. Cavab olaraq, hakim Serbiya Tərəqqi Partiyasının deputatları ölkənin dövlət bayraqlarını açıblar.
Kurir qəzetinin məlumatına görə, insident zamanı üç deputat xəsarət alıb:
- 63 yaşlı Yasmina Obradoviç insult keçirib və xəstəxanaya yerləşdirilib;
- başına işıq-şok qumbarası dəyən Jasmina Karanak xəsarət alıb;
- hamilə deputat Sonya İliç də xəstəxanaya aparılıb.
Qeyd edək ki, 2024-cü ilin noyabrından Serbiya boyu tələbə və müxalifət etirazları davam edir. Onlar Novi Sad şəhərindəki vağzalda beton örtüyün çökməsi nəticəsində 15 nəfərin ölümünə görə məsuliyyət daşıyanların cinayət və siyasi cavabdehlik daşımasını tələb edirlər. Əslində, etirazçılar ölkədə hakimiyyətin dəyişməsini istəyirlər. Prezident Aleksandr Vuçiç isə bəyan edib ki, xarici qüvvələr Serbiyada "rəngli inqilab” təşkil etməyə çalışırlar.
Alpər
Şərhlər