Dünya 13:12 17.06.2022

Sergey Lavrovun növbəti yalanı: Ukraynanı işğal etməmişik

Rusiya xarici işlər naziri Sergey Lavrov BBC saytının müxbiri Stiv Rozenberqə müsahibə verib.

Müsahibə ilə bağlı fikirlərini açıqlayan S.Rozenberq vurğulayıb ki, Sergey Lavrov onun gözünün içinə baxaraq deyib ki, heç nə göründüyü kimi deyil:

”Biz Ukraynanı işğal etməmişik. Biz xüsusi hərbi əməliyyat elan etdik, çünki Qərbə Ukraynanı NATO-ya cəlb etməyin cinayət olduğunu başa salmaq üçün başqa heç bir yolumuz yox idi”.

S.Rozenberq Lavrova BMT-nin Ukraynanın Çerniqov vilayətinin Yaxidnoye kəndi ilə bağlı rəsmi hesabatından sitat gətirib. Orda deyilir ki, "360 sakin, o cümlədən 74 uşaq və beş əlil Rusiya silahlı qüvvələri tərəfindən 28 gün məktəb zirzəmisində qalmağa məcbur edilib. Orada tualet və su olmayıb. Orada 10 nəfər yaşlı insan ölüb”. "Bu nasistlərlə döyüşməkdir?”,- Rozenberq Lavrovdan soruşub. 

Lavrov belə cavab verib:"Təəssüf, lakin beynəlxalq diplomatlar, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Baş katibi və digər BMT nümayəndələri Qərbin təzyiqi altındadır. Çox vaxt Qərbin yaratdığı saxta xəbərləri yaymaq üçün istifadə olunurlar. Bəli, Rusiya kristal təmiz deyil. Rusiya belədir. Biz kim olduğumuzu göstərməkdən utanmırıq".

Jurnalistin Britaniya Rusiya münasibətləri ilə bağlı verdiyi suala cavabda Lavrov bunları deyib: "Düşünürəm ki, artıq manevr üçün yer yoxdur, çünki həm Conson, həm də Liz Truss açıq şəkildə deyirlər ki, biz Rusiyanı məğlub etməliyik, Rusiyanı diz çökdürməliyik. Belə isə davam edin, bildiyiniz edin!”

Nurlan Hüseynov