Tədqiqat şirkəti "Altrata" illik hesabatında dünya üzrə dollar milyonerlərinin və ultra zənginlərin (30 milyon dollar və yuxarı sərvətə sahib şəxslər) sayının kəskin artdığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 2025-ci ilin iyun ayının sonuna olan məlumata görə, ultra zənginlərin sayı 510 min 810 nəfərə çatıb. Bu da ilin əvvəlindən bəri 5,4% artım deməkdir. Şirkət bildirir ki, son bir il yarım ərzində sərvətlərin toplanması sürətli templə davam edib, xüsusilə Asiyada, o cümlədən Hindistanda bu artım daha nəzərə çarpır.
"Altrata"nın hesablamalarına görə, dünya üzrə bütün milyonerlərin ümumi sayı 41,3 milyon nəfərə çatıb. Onlardan yalnız 1,1%-i ultra zənginlərdir, lakin bu qrup bütün sərvətlərin 32,4%-nə sahibdir. Ultra zənginlərin ümumi sərvəti 59,8 trilyon dollar təşkil edir ki, bu da ABŞ-ın illik ümumi daxili məhsulundan iki dəfə çoxdur.
Ən çox ultra zəngin ABŞ-da yaşayır - 192 min 470 nəfər, onların sərvəti 22,3 trilyon dollardır. Siyahıda ikinci yerdə 52 min 20 ultra zənginlə Çin (5,9 trilyon dollar), üçüncü yerdə isə 26 min 570 nəfərlə Almaniya (3,1 trilyon dollar) gəlir. İlk onluqda həmçinin Böyük Britaniya, Yaponiya, Honq-Konq, Kanada, Fransa, İtaliya və Hindistan var.
Analitiklər qeyd edir ki, ultra zənginlərin 3/4-ü cəmi on ölkədə yaşayır. Bu da böyük kapital bazarlarının üstün mövqeyini və dünya elitasına xidmət edən şirkətlər üçün geniş imkanları göstərir.
Proqnozlara əsasən, 2030-cu ilədək dünyada ultra zənginlərin sayı 676 min 970 nəfərə çatacaq. Ən sürətli artımın Asiyada, xüsusilə Hindistanda müşahidə olunacağı gözlənilir. Artıq Banqalor, Mumbay, Haydərabad və Dehli milyoner sayına görə ən sürətlə böyüyən şəhərlər arasında ilk onluqda yer alıb.
Aydın
Şərhlər