Xəbər lenti

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb
Dünya 21:04 15.12.2025

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş.

Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarından biri olan 1962-ci il Alkatras qaçışı Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin dahiliyinin nəticəsi sayılırdı. Lakin tədqiqatçılar müəyyən ediblər ki, bu qaçışı mümkün edən yalnız məhbusların zəkası deyil, elə həbsxananın özündə mövcud olan gizli tikinti qüsuru olub.

Uzun illər "Qaya” ləqəbli Alkatrası araşdıran Con Martini qaçışın baş verdiyi kameraların arxasındakı betonun təhlili zamanı kritik bir qüsurun aşkarlandığını bildirir. Betonu yoxlayan mütəxəssislər tökmə zamanı kifayət qədər vibrasiya tətbiq olunmadığını müəyyən ediblər. Normalda böyük həcmdə tökülən beton hava boşluqlarını aradan qaldırmaq üçün silkələnməlidir, lakin Alkatrasda betonun sadəcə tökülərək qurumağa buraxıldığı məlum olub. Bu səhlənkarlıq məhbusların kameranın divarını adi qaşıq kimi sadə alətlərlə qazaraq keçməsini xeyli asanlaşdırıb.

1909-cu ildə inşa edilən həbsxanadakı bu tikinti keyfiyyətsizliyi qüsuru bilmədən də olsa məhbusların qaçış yolunu açıb.

San-Fransisko körfəzinin buz kimi soyuq suları arasında təcrid olunmuş qala olan Alkatras 1934-cü ildə aparılan federal gücləndirmələrdən sonra qaçışı mümkünsüz sayılan bir obyektə çevrilmişdi. Möhkəmləndirilmiş barmaqlıqlar, müşahidə qüllələri və gündə on iki dəfə aparılan yoxlamalara baxmayaraq, 1934–1963-cü illər arasında 36 məhbus 14 qaçış cəhdi edub, lakin kənara çıxmağı bacaran yeganə qrup məhz onlar olub.

Morris və Enqlin qardaşları aylarla davam edən qazıntı işlərindən sonra kameralarından tunel açaraq gizli texniki dəhlizə çıxıblar. Daha sonra dam örtüyünə, oradan isə San-Fransisko körfəzinə eniblər.

Qaçışı mümkün edən dahiyanə detallardan biri isə sabun, gips, beton tozu və bərbərxanadan toplanmış saçlardan hazırlanmış realistik saxta başlar olub. Bu maketlər sayəsində nəzarətçilər yoxlama zamanı məhbusların yatdığını düşünüb və üçlük səkkiz saatlıq vaxt qazanıb. Yalnız səhər sayımı zamanı məhbuslar ayağa qalxmadıqda nəzarətçilər çarpayıya yaxınlaşıb yastığa toxunduqda saxta başların yerindən düşməsi ilə qaçış üzə çıxıb.

Qaçışdan sonra məhbusların taleyi hələ də mübahisəlidir. Bəzi iddialar onların sağ qaldığını desə də, FTB onları rəsmi olaraq ölü elan edib. Con Martini bu vəziyyəti belə izah edir: "Gecə yarısı, güclü axının olduğu şəraitdə, müvəqqəti bir sal və xilasetmə jileti ilə 4 dərəcə soyuq sulara girdilər. Onlar bir daha heç vaxt görünmədilər".

Daha sonra körfəzdə iki ədəd improvizə edilmiş xilasetmə jileti, bir kürək və bəzi şəxsi əşyalar tapılıb. Martini həmin dövrdə həbsxanada çalışan bir əməkdaşın sözlərini də xatırladır: onun üçün məhbusların sağ qalması yox, o bir neçə anlıq azad insanlar olmaları daha önəmli idi.

Lakin mövcud bütün sübutlar məhbusların azadlığa çıxmağa cəhd etdiyini, lakin buna nail ola bilmədiyini göstərir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->