Tanınmışlar öz səhifələrində daha çox ictimai həyatda baş verənləri müzakirəyə çıxarırlar Sosial şəbəkələr insanların həyatının bir parçasına çevrilib. Onlar facebook, twitter və sair şəbəkələrdəki səhifələrində emosiyalarını, düşüncələrini və təkliflərini yazır, maraqlı video və fotolar paylaşırlar. Sadə vətəndaşlardan fərqli olaraq ictimai-siyasi sferada olan insanların virtual aləmdəki fəaliyyətləri cəmiyyət üçün daha maraqlı olur.
Tanınan siyasətçilərin son bir həftədə sosial şəbəkələrdə nələr yazdığını, hansı şəkilləri paylaşdığını öyrənmək üçün bir neçə məşhurun facebook səhifəsinə baxdıq.
Müsavat Partiyasının başqanı İsa Qəmbər son bir həftədə facebook sosial şəbəkəsində siyasi gündəmi əhatə edən mövzulara toxunaraq, öz fikirlərini bildirib. O, daha çox NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü haqda statuslar yazıb və şəkillər paylaşıb. NİDA-çılar haqda paylaşdığı sonuncu statusdan bir hissəni təqdim edirik: “Aclığı dayandırın. Siz zindanda da mübarizəni qəhrəman kimi apardınız və aparacaqsınız. Mənəvi qalib sizsiniz. İnanıram ki, tezliklə azadlıqda görüşəcəyik!”
Müsavat başqanının son statusu isə sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılması ilə bağlıdır: “Bəzi dostlarımız Gülər Əhmədovanın azad edilməsinə əsaslanıb arzu-proqnozlarını bildirirlər ki, bəlkə rejim 6 mayda NİDA-çıları azad edəcək. Belə olsa nəinki çox sevinər, hətta çox təəccüblənərəm də. Amma bu rejimin belə addım atmağına inanmaq (mümkün deyil) çox çətindir. Proqnoz deməyi də xoşlamıram, amma bəlkə Ramiz Mehdiyevi azad etməyə (vəzifədən) hazırlaşırlar? Oğluna rütbə+vəzifə verildiyini də nəzərə alsaq, məncə, mümkün gedişdir”.
Müsavat başqanının paylaşdığı şəkillərə gəlincə isə onun sonuncu paylaşdığı şəkil istiqlalçı millət vəkili, dəyərli ziyalı, əqidəli müsavatçı Mürşüd Məmmədlinin 75 illik yubileyi əlaqədar olaraq paylaşdığı şəkildir. Şəklin üzərinə isə bunları yazıb: “İstiqlalçı millət vəkili, dəyərli ziyalı, əqidəli müsavatçı Mürşüd Məmmədlini 75 illik yubiley günü - 5 mayı - sayğı ilə xatırlayırıq. Bu gün diqqət yetirdim ki, 5 may həm də Mürşüd müəllimin çox sevdiyi müsavatçı şair Əhməd Cavadın doğum günüdür.
Tanrı ruhlarını şad eləsin!"
AXCP sədri Əli Kərimlinin isə səhifəsində isə daha çox həbs olunan 8 nəfər NİDA-çının fotoları və onlar haqda statuslar yer alır. Əli Kərimlinin paylaşdığı elə son statusda NİDA-çılar haqdadır: “NİDA-çı gənclərlə də qəddar davrandılar. Heç bir cinayət törətməmiş gəncləri 6-8 il müddətinə azadlıqdan məhrum etdilər. Ölkədə yenilik, dəyişiklik, ədalət istəyən hər kəslə düşmən kimi davranırlar. İnanıram ki, gəncləri bu gün təyin etdikləri qədər uzun müddətdə həbsdə saxlaya bilməyəcəklər...”
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin profili olmasa da, səhifəsi var. Səhifədə daha çox partiyanın fəaliyyəti təbliğ edilir. Ümid sədrinin səhifəsində partiyanın son fəaliyyəti haqda məlumat xarakterli statuslar yazılıb və keçirdikləri toplantıların şəkilləri paylaşılıb. Həmçinin onun səhifəsində Ümid Partiyası Rəyasət Heyətinin üzvlərinin aclıq aksiyası keçirən siyasi məhbus analarını ziyarət etdiyini əks etdirən 11 şəkil də yer alır.
Deputat Zahid Oruc isə ötən həftə facebook sosial şəbəkəsində elə də aktiv olmayıb. O, son statusunda “neft yaxşıdır, viza pis” başlığı ilə viza ilə bağlı problemlər və çətinliklər haqda öz fikirlərini paylaşıb.
BQP başqanı, deputat Fazil Mustafa isə profilində daha çox saytlardakı həm özü haqda, həm də müxtəlif mövzulara dair xəbərlərin linklərini paylaşıb. Sonuncu qeydi isə Rusiya vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə təkliflərinə fikir bildirən hüquqşünas Müzəffər Baxış haqqındadır.