Dünya 16:21 17.03.2023

Slovakiya 13 ədəd MiQ-29 qırıcı təyyarəsini təmənnasız olaraq Ukraynaya verir

Slovakiya hökuməti 13 ədəd MiQ-29 qırıcı təyyarəsini Ukraynaya təhvil vermək qərarına gəlib. Müvafiq saziş Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiq edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın TASR xəbər agentliyi məlumat yayıb.

Respublika hökuməti təmənnasız verilmə haqqında qərarın ölkə konstitusiyasına tam uyğun olaraq qəbul edildiyini vurğulayıb. Bratislava qırıcılarla birlikdə Ukraynaya bir neçə Kub zenit-raket kompleksi verəcək.

"Vədlərə əməl edilməlidir və (Ukrayna — red.) daha çox silah, o cümlədən qırıcı təyyarələr tələb edəndə dedim ki, əlimizdən gələni edəcəyik. Sevinirəm ki, başqaları da bunu edir”, - Slovakiyanın Baş naziri Eduard Heqer Twitter-də qərarı şərh edib.

Eduard Heger hökuməti 2023-cü ilin fevralında bir neçə MiQ-29 qırıcısını Kiyevə vermək planlarını açıqlayıb. Sonra baş nazir vurğulayıb ki, qırıcılar xidmətdən çıxarılıb və Slovakiyada istifadə oluna bilməz. Bir gün əvvəl, martın 16-da Polşa prezidenti Anjey Duda 4 ədəd MiQ-29-un Ukraynaya təhvil veriləcəyini açıqlayıb.

Nizami Bağırov