"Kiyev, ola bilsin, NATO ilə arasında məsafə saxlayacağı haqda Moskvaya hansısa mesajlar verib. Görünür, Slutski belə açıqlamalar aldığından ümidverici bəyanatlar verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının deputatı Leonid Slutskinin Moskva və Kiyevin danışıqlarda nəticə əldə edilməsi üçün xeyli irəlilədikləri və bu irəliləyişin yaxınlarda ümumi mövqe və sənədlərin imzalanması ilə nəticələnəcəyi barədə optimist fikirlərinə münasibət bildirərkən deyib:
"Rusiya ilə Ukrayna arasında danışıqların artıq 4-cü mərhələsi başlayır. Bununla paralel olaraq, iki ölkənin xarici işlər nazirinin Antalya forumunda görüşü də gerçəkləşdi. Müharibə Ukrayna üçün çətin və ağır olduğu kimi, Rusiyanın özü üçün də heç də yaxşı perspektiv vəd etmir. Moskvaya qarşı dünyada iqtisadi və siyasi sanksiyalar həyata keçirilir. Hansı ki, hər gün bu sanksiyaların coğrafiyası daha da genişlənir. Belə olan təqdirdə, müharibəni uzanması tək Kiyev üçün deyil, eyni zamanda düşünürəm ki, Moskva üçün də məqbul deyil”.
Həmsöhbətimizin fikrincə, Slutskinin açıqlaması qarşıdurmanın gələcək taleyilə bağlı müəyyən pozitiv fikirlər söyləməyə əsas verir:
"Amma bununla belə, danışıqların tezliklə yekunlaşacağı və bu qədər tez zamanda Kiyevlə Moskvanın sülh və etimad məsələsində ortaq addım atacaqlarını da düşünmürəm. Rusiyanın Ukraynadan tələb etdiyi bəzi məsələlər Kiyev üçün qəbuledilməzdir. Ukraynada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Krımı Rusiyann ərazisi kimi tanımayacaqlar. Bu məqamı Donetsk və Luqanskla bağlı da demək olar”.
Bununla belə ekspertin qənaətincə, prosesin dayandrılmasına nail olmaq üçün Zelenski ilə Putinin görüşməsi vacibdir:
"Qarşıdurmanın yaxın günlərdə yekunlaşacağını da zənn etmirəm. Danışıqlar qarşıdurmanın dayandırılması üçün müəyyən ümid yeri yaratsa da, 3-4 görüşlə məsələnin kökündən həll olunacağını düşünmürəm. Bu məsələdə daha inqilabi addımların atılması üçün isə Zelenski ilə Putinin təkbətək görüşü olmalıdır. Yəqin ki, iki ölkə rəhbəri arasında yaxınlarda üçüncü ölkələrin birində görüş baş tutacaq”.
Rüfət Sultan