Qlobal nüvə arsenalının qarşıdakı illərdə Soyuq Müharibədən sonra ilk dəfə genişlənəcəyi gözlənilir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə münaqişələr və silahlar üzrə aparıcı beyin mərkəzi SIPRI
bildirir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni araşdırmasına görə, Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin Kiyevə dəstəyi dünyanın 9 nüvə silahına malik dövləti arasında gərginliyi artırıb.
2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər nüvə silahlarının sayı bir qədər azalsa da, SIPRI bildirib ki, nüvə gücləri təcili tədbirlər görməsələr, yaxında qlobal döyüş başlıqları ehtiyatları onilliklər ərzində ilk dəfə artmağa başlaya bilər.
"Bütün nüvə silahı olan dövlətlər öz arsenallarını artırır və ya modernləşdirir və əksəriyyəti nüvə ritorikasını və nüvə silahlarının hərbi strategiyalarında rolunu kəskinləşdirir. Bu, çox narahatedici tendensiyadır",- SIPRI-nin kütləvi qırğın silahları proqramının direktoru Uilfred Vanq analitik mərkəzinin hesabatında deyir.
SIPRI bildirib ki, nüvə başlıqlarının qlobal sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb. Təxminən 3,732 döyüş başlığı raketlər və təyyarələrə yerləşdirilib və Rusiya və ABŞ-a məxsus təxminən 2,000-i raket başlığı isə döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Bəşəriyyətin və planetin yalnız beynəlxalq əməkdaşlıqla həll edilə biləcək bir sıra dərin və aktual ümumi problemlərlə üzləşdiyi bir vaxtda, dünyanın böyük dövlətləri arasında münasibətlər daha da pisləşib",- SIPRI idarə heyətinin sədri və İsveçin keçmiş baş naziri Stefan Lofven deyib.
Nurlan Hüseynov