Böyük Britaniya üç əsas hərbi-dəniz bazasının modernləşdirilməsi üçün rekord məbləğdə – 26 milyard funt sterlinq (33,8 milyard dollar) vəsait ayıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə hökuməti rəsmi saytında məlumat yayıb.
Soyuq müharibə dövründən bəri ən böyük layihə olacaq proqram 10 il üçün nəzərdə tutulub. Yenilənmə işləri Klayd, Devonport və Portsmut hərbi-dəniz bazalarını əhatə edəcək.
Hakimiyyətin açıqlamasına görə, körpülərin modernləşdirilməsi, binaların təmiri və hərbçilər üçün yaşayış yerlərinin tikintisi Kral Donanmasının döyüş hazırlığını və effektivliyini birbaşa artıracaq.
Müdafiəyə hazırlıq və sənaye naziri Lyuk Pollard bildirib ki, donanmanın mümkün təhlükələrə qarşı dayanması üçün lazımi infrastruktura malik olması vacibdir.
İnvestisiyaların əsas hissəsi – 15,1 milyard funt sterlinq (19,63 milyard dollar) – Şotlandiyada yerləşən Klayd bazasına yönəldiləcək. Burada nüvə silahı daşıyan atom sualtı qayıqları yerləşdirilir.
Şotlandiya məsələləri üzrə nazir Duqlas Aleksandrın sözlərinə görə, 6,5 mindən çox hərbi və mülki mütəxəssisin çalışdığı bu obyektə qoyulan sərmayələr onu daha müasir və səmərəli kompleksə çevirəcək.
Bununla yanaşı, Britaniya Hərbi Hava Qüvvələri üçün ümumi dəyəri 240 milyon funt sterlinqdən (312 milyon dollar) çox olan müqavilələr də təsdiqlənib.
Bu çərçivədə "Boeing" şirkəti ilə P-8 "Poseidon" təyyarələrinin texniki xidmətinə dair müqavilə 115,2 milyon funt sterlinqə (149,76 milyon dollar) uzadılacaq. Həmçinin E-7 "Wedgetail" təyyarələrinin texniki dəstəyi üçün 127,5 milyon funt sterlinq (165,75 milyon dollar) dəyərində yeni müqavilə imzalanacaq.
Bundan əlavə, Müdafiə Nazirliyi yanacaq ehtiyatlarını artırmaq məqsədilə Finnart neft terminalını satın alıb. Nazirlik həmçinin İnçqrin dəniz parkının inkişafına 20 milyon funt sterlinq (26 milyon dollar) vəsait ayırıb.
Birləşmiş Krallığın silahlı qüvvələrinin inkişaf planına əsasən, müdafiə sahəsinə qoyulacaq ümumi investisiyaların həcmi 298 milyard funt sterlinqə (387,4 milyard dollar) çatır.
Aydın
Şərhlər