Xəbər lenti

SSRİ-nin kosmik güzgü layihəsi geri qayıdır?
Dünya 20:19 18.07.2026

SSRİ-nin kosmik güzgü layihəsi geri qayıdır?

Sovet İttifaqı dövründə göydə nəhəng güzgü yerləşdirərək gecələri işıqlandırmaq məqsədi daşıyan qeyri-adi layihə bu gün yenidən elmi müzakirələrin mövzusuna çevrilib.

Qaynarinfo xəbər verir ki,Vladimir Syromyatnikov tərəfindən hazırlanan "Znamya" layihəsi günəş yelkəni texnologiyasından ilhamlanaraq qaranlıq saatlardan sənaye məqsədləri üçün istifadə etməyi hədəfləyirdi.

SSRİ-nin son illərində həyata keçirilən bu iddialı layihə kosmosda çox nazik xüsusi materiallardan hazırlanmış böyük əks etdirici səth yaratmaq ideyasına əsaslanırdı. Layihənin ən mühüm mərhələsi hesab edilən "Znamya 2" qurğusu cəmi 4 kiloqram ağırlığında olmasına baxmayaraq, diametri 20 metr olan dairəvi quruluşu ilə diqqət çəkirdi.

1993-cü ilin fevralında "Mir" kosmik stansiyasına yük daşıyan "Progress M-15" aparatı vasitəsilə orbitə çıxarılan bu qurğu kosmosda açılaraq nəhəng güzgü formasını aldı. Təcrübə nəticəsində Avropa səmasında təxminən 6 dəqiqə ərzində 4 kilometr enində işıq zolağı əks etdirildi. Yer səthindən müşahidə edən insanlar buludların arasından görünən qısa müddətli parıltını görə bilirdilər.

Sonrakı illərdə Sibir kimi elektrik təminatının çətin olduğu bölgələri davamlı şəkildə işıqlandırmaq üçün daha böyük planlar hazırlandı. Lakin 1999-cu ildə keçirilən "Znamya 2.5" sınağı texniki nasazlıq səbəbindən uğursuz oldu. Antenə ilişən güzgü layihənin dayandırılmasına səbəb oldu.

Bu gün isə oxşar ideyalar özəl şirkətlərin orbitə minlərlə əks etdirici peyk yerləşdirmək planları ilə yenidən gündəmə gəlib. Yeni layihələr kosmosdan günəş işığını əks etdirməklə müxtəlif məqsədlərə xidmət etməyi nəzərdə tutur.

Lakin bu təşəbbüslər astronomların ciddi etirazı ilə qarşılanır. Mütəxəssislər hesab edirlər ki, kosmosa çoxsaylı parlaq obyektlərin yerləşdirilməsi gecə səmasının təbii görünüşünü poza, astronomik müşahidələrə mənfi təsir göstərə bilər.

Beləliklə, Sovet dövrünün "kosmik güzgü" ideyası texnologiyanın inkişafı ilə yenidən gündəmə gəlsə də, onun elmi və ekoloji təsirləri hələ də müzakirə olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->