Dünya 10:44 09.02.2023

Stoltenberq Ukraynaya il ərzində göstərilmiş yardımın fantastik məbləğini açıqladı

Ukraynadakı hərbi münaqişə ili ərzində Qərb ölkələri ona təxminən 120 milyard dollar dəyərində hərbi, maliyyə və humanitar yardım göstərib. 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

Eyni zamanda o vurğulayıb ki, ABŞ NATO daxilində ən böyük müttəfiq kimi "Ukraynaya dəstək verməkdə əvəzsiz rol oynayır". Bundan əlavə, Stoltenberq xatırladıb ki, Avropa ölkələri "təxminən 5 milyon ukraynalı qaçqının sığınacağına çevrilib, görünməmiş sanksiyalar qəbul edib və Rusiyadan qaz və neftdən imtina ediblər". Onun fikrincə, bu cür hərəkətlər Avropa və Şimali Amerikanın "çiyin-çiyinə dayandığı” halda "nə qədər iş görə biləcəyimizi” nümayiş etdirir.

NATO-nun baş katibi onu da əlavə edib ki, hazırda alyans "Rusiya tərəfindən sülh arzusundan xəbər verən əlamətlər görmür”. Ona görə də, onun fikrincə, Qərb ölkələri Ukraynanı "ona əraziləri qaytarmağa və müstəqil dövlət kimi qalmağa kömək edəcək” silahlarla təmin etməlidir.
 
Alpər