"Rusiyanın zəiflədilməsi eyni zamanda, Çin, Hindistan və Braziliyanın da zəiflədilməsi deməkdir. Tramp da Moskvaya qarşı sanksiyaları sərtləşdirməklə eyni zamanda, buna çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Donald Tramp tərəfindən Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini qəbul etməsinə yaşıl işıq yandırmasını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Trampın nə qədər adekvat siyasətçi olmadığını bəyan etsələr də, ABŞ kimi dövlətin rəhbərliyində olan şəxsin adi bir insan olmadığı da bir reallıqdır:
"Bu baxımdan Trampdan Rusiyanın mövqeyini birmənalı müdafiə etməsini gözləmək sadəlövhlük olardı. Göründüyü kimi, Tramp gah Rusiyanın mövqeyindən çıxış edir, gah da onun əleyhinə. Bunun özü bir siyasətdir. Əlində nüvə silahı olan Putin kimi bir insanı idarə etmək üçün bir yoldur".
Politoloq bildirir ki, ABŞ Rusiyanı bu şəkildə zəif vəziyyətdə yaxalayarkən onu belə asanlıqla əlindən buraxmaz:
"Tramp gözəl anlayır ki, Rusiya Çin, Braziliya, Hindistan (BRİCS) kimi ölkələr üçün birləşdirici və açar rolu oynayır. Rusiya bu ölkələrin əlaqələndiricisi və xammal, enerji təminatçısıdır. Təbii olaraq da, Rusiyanın zəiflədilməsi bu ölkələrin də zəifləməsi deməkdir. Tramp əgər, konspiroloqların dediyi kimi Moskvanın adamıdırsa, onda bu, Rusiyanın sonunun gəldiyi deməkdir. Çünki kimsə kiminsə öz xoşuna adamı, yəni agenti olmur. Bu, müxtəlif şantaj, hədə-qorxu yolu ilə olur".
Müsahibimizin fikrincə, Tramp da özünü Rusiyanın adamı kimi göstərib atdığı addımlarla bu ölkənin axırına çıxır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini qəbul etməsinə yaşıl işıq yandırıb. ABŞ senatoru Lindsi Qrem X hesabında bildirib ki, bir neçə məsələ üzrə çox məhsuldar görüşdən sonra Tramp senator Riçard Blumental və bir çox başqaları ilə uzun aylardır üzərində işlədiyi Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsinə yaşıl işıq yandırıb. O, gələn həftənin əvvəlində qanun layihəsi ilə bağlı məsələnin müzakirə ediləcəyini də qeyd edib.
Qrem hesab edir ki, qanun layihəsi qəbul olunarsa, bu Trampa Çin, Hindistan və Braziliya da daxil olmaqla Rusiyanın ticarət tərəfdaşlarına "böyük təsir" və Rusiya neftini almağı dayandırmaları üçün təzyiq imkanı verəcək.
Rüfət Sultan
Şərhlər