Xəbər lenti

Ekonomiks 13:55 13.01.2024

Sumqayıt "ikinci paytaxt" olacaq?

"Sumqayıt böyük şəhər bələdiyyəsi yaradılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Sumqayıt şəhərinə əlavə funksiyaların veriləcəyilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun fikirlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, rəsmi şəxslər verdikləri bu sayaq açıqlamalar zamanı bəzi hallarda səsləndirdikləri fikirlərində söhbətin hansı funksiyalardan getdiyini və onun nəyi dəyişəcəyini gizlədirlər:
 


"Sumqayıta əlavə funksiyalar veriləcəyi deyilsə də, söhbətin hansı funksiyalardan getdiyi müəmmalı qalır.Hansı dövlət orqanlarının Sumqayıtda yerləşdiriləcəyi, tıxac probleminin həlli üçün şəhərə hansı yolların çəkiləcəyi sualları açıq qalır. Lakin Sumqayıta əlavə funksiyalar veriləcəksə, ilk növbədə bu və digər şəhərlərdə yerli özünüidarə orqanları ilə bağlı addımlar atılmalıdır. Sumqayıt böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Əlavə olaraq, idarəetmə sisteminin necə olacağı da maraqlıdır. Hansısa dövlət orqanları Sumqayıta köçəcəkmi? Bu tıxac məsələsində əlavə problemlər yaratmayacaq ki? Ona görə də belə məsələlərdən danışarkən rəsmilər fikirlərini daha aydın ifadə etsələr yaxşıdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov mətbuata açıqlamasında Sumqayıt şəhərinə müəyyən əlavə funksiyalar verməklə, inkişaf etdirməklə mövqeyinin daha da gücləndirilməsinin nəzərdə tutulduğunu deyib.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->