Xəbər lenti

"Sumqayıt"ın yeni baş məşqçisi: “...Burada titul qazananda mənim də haqqımda danışacaqlar”
İdman16:05 06.01.2022

"Sumqayıt"ın yeni baş məşqçisi: “...Burada titul qazananda mənim də haqqımda danışacaqlar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi Aleksey Baqa bu gün kollektivə təqdim olunub. 
 
Qaynarinfo xəbər verir ki, daha sonra "Sumqayıt”ın prezidenti Riad Rəfiyev mütəxəssisi klubun bazası və meydançaları ilə tanış edib. Tanışlıqdan sonra mətbuat konfransı keçirilib. Konfransda əvvəlcə prezident fikirlərini bildirib və ardınca baş məşqçi ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb:
"İlk növbədə sizi salamlayıram və burada olmaqdan məmnunluğumu bildirirəm. "Sumqayıt”ın baş məşqçisi kimi yeni çağırışlara hazıram. İsti münasibətə görə təşəkkürümü bildirmək istəyirəm. Bir neçə il öncə yeni ilə qədəm qoymuşuq. Bu münasibətlə hər birinizi təbrik edib möhkəm can sağlığı arzulayıram. Son günlər eşitdiyimiz pis xəbərlər sizdən və ailə üzvlərinizdən yan keçsin”.
- Yeni baş məşqçi komandası haqda hansı məlumatlara malikdir?
- A.B: Müasir dünyada istənilən informasiya əlçatandır. İstər analitik, istər statistik baxımdan olsun, bura gəlməmişdən əvvəl komanda haqda kifayət qədər məlumat toplamışam. Təbii ki, şəxsi tanışlıq və münasibətlərin yerini heç nə vermir. 
- Əvvəlki baş məşqçilər "Sumqayıt”da 3-5-2 taktiki sxemi ilə oynayırdılar. Ancaq sizin haqqınızdakı məlumatları öyrəndikdən sonra məlum oldu ki, 4-2-3-1 taktikasına üstünlük verirsiniz. Bu yöndə hansı dəyişiklik gözlənilir?
- A.B: Taktiki düzülüşlər barədə çox danışmaq olar. Nəzərə almaq lazımdır ki, bu rəqibə, əldə olan futbolçulara, onların durumuna görə oyundan-oyuna dəyişə bilər. Buna qədər iki mərkəz müdafiəçisi ilə oynamağa üstünlük vermişəm. Təcrübəm göstərir ki, bu sistem mənə uğur qazanmağa kömək edir. Böyük ehtimalla, bu sistem üzrə davam edəcəm. 
- "Sumqayıt”ın siyasəti əsasən yerli futbolçulara üstünlük verməkdir. Bu siyasət dəyişəcəkmi? Yeni məşqçi istəkli və iddiaları böyük olan biridir.
- R.R: Bu barədə KİV-lə, dostlarla müzakirə aparırıq. Mətbuatda bu haqda tez-tez yazılır. Sizə qısa cavab verəcəm. Son 3 ildə uğurlu nəticələri yerli uşaqlarla qazanmışıq. Nə Afrikadan, nə Cənubi Amerikadan, nə də başqa ölkələrdən futbolçularımız olmayıb. Ona görə də hər şey mümkündür. Məncə, yerli futbolçularımız heç də pis deyil və onlarla işləmək olar.
- Prezident açıqladı ki, yerli futbolçulara üstünlük veririk. İddialı məşqçi kimi necə düşünürsünüz, bu heyət və fəlsəfə ilə nəyə nail olmaq mümkündür?
- A.B: İlk növbədə deyim ki, yerli futbolçularla oynamaqdan qorxmaq lazım deyil. "Sumqayıt”ın az da olsa yerlilərlə qazandığı uğurlar var. Mənə də yerli futbolçularla işləmək çox maraqlı olacaq. Bundan əlavə, şəhəri təmsil edən komanda kimi forma və gerbə hörmət var. Bir çox klublarda xarici ölkələrdən gələn əcnəbi futbolçular olur. Lakin yerlilərlə işləmək təcrübəsinə malikəm. BATE-də qələbəyə "ac” olan futbolçular vardı. Bu heyətlə 5 il ardıcıl Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu həm kluba, həm rəhbərliyə əlavə müsbət rəylər toplamağa imkan verir. Şəhərin prestiji qalxır.
- Bu mövsüm üçün qarşıya hansı hədəflər qoyulub?
- R.R: Mövsümün yarısı keçib. Komandamız hal-hazırda 7-ci sıradadır. İlk "dördlük”lə arada təəəsüflər olsun ki, xal fərqi azdır. Bu mövsüm qarşıya avrokuboklara çıxmağı hədəf qoysaq, düşünürəm ki, düzgün olmaz. Əlbəttə ki, hədəflərimiz yaxşı komanda yaratmaqdır. Məşqçi ilə iki il yarımlıq müqavilə bağlamışıq. Öz futbolçularımıza, gənclərimizə üstünlük verməyə çalışırıq. Yaxşı "materialımız” var. Bu, o demək deyil ki, əl-qolumuzu sallayıb elə 7-ci yerlə mövsümü bitirəcəyik. Kubokda şansımız var. Çempionatda maksimum yuxarı qalxmağa çalışacağıq. İlk hədəfimiz bu olacaq. Düşünürəm ki, gələn mövsümdən siz əsl "Sumqayıt”ı görəcəksiniz. 
- Siz "Sumqayıt”la anlaşanda Azərbaycanda artıq ajiotaj yaranmışdı ki, titullu məşqçi necə oldu bu komandaya gəldi. Bu təklifi hansı məqsədlə qəbul etdiniz və nə düşündünüz?
- A.B: Hiss edirdim ki, "Suqmayıt”la titul qazananda da mənim haqqımda danışacaqlar (gülür).
- Dekabrın əvvəllərində müsahibənizdə çempion olmağınıza baxmayaraq xaricdə işləmək ehtimalınz olduğunu demişdiniz. Həmin vaxt "Sumqayıt”a gələcəyiniz məlum idi?
- A.B: Daha çox "Saliqorsk”la aramızda olan məsələlərə görə qərar vermişdim ki, ölkə xaricinə getməyə çalışacam. Nə zaman klubla təmasda olduğumu deyə bilmərəm, amma müəyyən səbəblərdən "Saliqorsk”da qalmaq istəmirdim.
- Mövsümün ortasında heç də yaxşı durumda olmayan komandanı götürdünüz. Azarkeşlərə mövsümün sonu ilə bağlı nə söz verə biləriniz?
- A.B: İndiki durum məni qətiyyən qorxutmur. Çünki komandada çalışmaq üçün "material” var. Bundan əlavə klubun texniki bazası çox yaxşıdır. Hər hansı nəticə ilə bağlı söz vermək düzgün olmaz. Ancaq öz adımdan deyə bilərəm ki, futbolçular istər məşqlərdə, istərsə də paltardəyişmə otaqlarında peşəkarlıqlarını ortaya qoyacaqlar. Heç bir halda mən tərəfdən kluba qarşı laqeydlik olmayacaq. Bu da mövsümün sonunda bizi müəyyən uğura daşıyacaq. Ancaq konkret nəticə haqda söz vermirəm. Hara qədər gedəcəyimizi həyat göstərəcək.
- Qarşıdakı vaxtlarda "Suqmayıt”da legioner görə bilərik? Bir ara Donald Geryenin adı klubla birgə hallanırdı.
- R.R: Tam əminliklə deyə bilərəm ki, bu futbolçu ilə heç vaxt danışıqlarımız olmayıb. Niyə belə yazılmışdı bilmirəm. Bəlkə Gerye özü harasa açqlama vermişdi. Klub ilk yarandığı gündən hansı siyasətlə gedirdisə, indi də elə davam edir. Gördüyünüz kimi komandamızda Azərbaycan və Azərbaycan əsilli futbolçular oynayır. Bu futbolçularla da son 3 ildə çətin də olsa uğurlara imza atmışıq. Göstərmişik ki, bu mümkündür. Hazırda belə planımız yoxdur.
- Araz Abdullayevin də adı "Sumqayıt”la hallanır...
- R.R: Səhv etmirəmsə Araz artıq klubundan ayrılıb. Əlbəttə, baş məşqçimizə təklif olunacaq. Özündən də soruşmaq lazımdır ki, qayıdıb Azərbaycan çempionatında oynamaq istəyərmi? Mən bildiyimə görə xaricdə çıxış etmək istəyir. Yenə də bu barədə baş məşqçimizə tam məlumat veriləcək. Bəyəndiyi təqdirdə onunla danışıqlara başlayacağıq.
- Futbolu bilən klub rəhbəri ilə işləmək çətin olmayacaq ki?
- A.B: Məncə bu, ancaq müsbət hal ola bilər. Başqa komandalarda kənardan həm məşqçinin, həm də komandanın işinə müdaxilələr olur. Aramızda yaxşı dialoqlar gedir. Sizin qarşınızda əyləşmişəmsə, deməli, hamımızın bir ortaq nöqtəsi, komandanın gələcəyinə dair ümumi marağımız  və baxışlarımız var.
- Mətbuatda dolaşan xəbərlərə görə Baqanın "Sumqayıt”dan sonrakı dayanacağı Azərbaycan yığmasıdır...
- A.B: Futbol elə bir sahədir ki, burada şaiyələr çox olur. Artıq 12 saatdır ki, Azərbaycandayam. Başqa təkliflərlə maraqlanmaq, yaxud belə məlumatlara cavab vermək bir qədər gülməli olar. Hazırda əsas düşüncələrim "Sumqayıt”la bağlıdır. Komandanı məşqə çıxarmaq və toplanış keçirməyə diqqətimi yönəltmişəm. Gələndən bəri öz personama qarşı çox diqqət sezilir.
- Ümumilikdə Azərbaycan futbolu ilə bağlı hansı məlumatlara maliksiniz?
- A.B: Azərbaycan futbolu ilə tanışlığım, "Qarabağ” – BATE rəqabəti ilə başlamışdı. Bütün rəqiblərimizi analiz edirdik. "Sumqayıt”ın oyunlarına baxan zaman da digər komandaları analiz etmişik. "Qarabağ” həm heyət, həm məşqçi baxımından çox fərqlidir. Bu klubu istisna etsək, digərlərinin səviyyələrinin bərabər olduğunu görürük. Az-çox səviyyələr bir-birinə yaxındır. Maraqlı oyunçular var, komandaların üslubları fərqlidir. Bundan əlavə Rusiyadan mütəxəssis gəlib. "Sabah”ın baş məşqçisi Murad Musayevi nəzərdə tuturam. Qəribə də olsa, çox sadə bir şey haqda danışacağam. Komandaların oyun keçirdiyi meydançaların ot örtüyünün ideala yaxın səviyyədə olduğunu deyə bilərəm. Qazaxıstanda oyunları o qədər də yüksək keyfiyyəti olmayan meydançalarda keçirirdik. Bu da komandaların oyunlarına böyük təsir göstərirdi. Ümumilikdə çox müsbət rəy formalaşıb.
- Klub səviyyəsində fikirlərinizi bildridiniz. Millətlər Liqasında Azərbaycanın rəqiblərindən biri Belarusdur. Bununla bağlı düşüncələriniz necədir?
- A.B: Hər şey yaxşı olacaq. Amma bilmirəm kimin üçün (gülür).
- "Krasnodar”ın baş məşqçisi Viktor Qonçarenko postundan getdi. Ona Azərbaycandan təklif gəlsə nə məsləhət görərdiniz?
- A.B: Məncə, kifayət qədər təcrübəli və səriştəli məşqçidir. Öz qərarlarını özü versin. Nəsə deməyimə ehtiyac yoxdur. 
Səbuhi Həsənov