Ermənistan parlamentində "Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan Erməni İnqlabi Federasiyasının (EİF) Hollandiya gənclər birliyinin üzvü Süne Abramyanın Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, deputat buna görə baş nazir Nikol Paşinyanı ittiham edib.
"Heç bir gücə, eləcə də legitimliyə malik olmayan Nikol Paşinyan artıq avtoritar rejimə keçməyə çalışır. Tarixin təcrübəsi belədir. Dünyanın bütün populistləri nə vaxtsa diktatora çevrilirlər, çünki onlar artıq yalan və saxtakarlıqla vəzifə tuta bilmirlər. Onlar artıq təqiblərə başlayıb, siyasi məhbusların, qanunsuz cinayət işlərinin, məhkəmələrin sayı artır, quldurlardan ibarət hüquq-mühafizə sistemi yaradıblar.
Dünən Paşinyanın birbaşa göstərişi ilə EİF-nın Hollandiya gənclər birliyinin üzvü Süne Abramyanın vətənə girişi qadağan edilib. Görünən odur ki, Paşinyan 23 yaşlı daşnak erməni qızın vətənə girişini əngəlləməklə, onu arzuolunmaz şəxs elan etməklə, türklərin ilkin şərtlərini yerinə yetirir və vətənin qapılarını düşmənə geniş açır.
İndi hüquq-mühafizə orqanlarına sual vermək istəyirəm: Ermənistanın "suveren ərazisini işğal edən türkləri” arzuolunmaz elan edib ölkəmizdən qovub çıxara bilərsinizmi? Sən bunu bacarmazsan! Hətta arzu və cəsarətin olsa da, bacarmazsan. Nikol buna imkan verməz. Çünki türklərin onun üçün bir şərti var: erməni xalqının müqavimətini və milli özəyini əzmək ki, bir daha ayağa qalxa bilməsin.
Siz Nikolun hakimiyyətini qoruyub-saxlamaqla arzusunu həyata keçirməyə kömək edirsiniz: Qarabağın erməni əhalisini çıxarmaq, Ermənistanı türkləşdirmək və ölkədə diktatura qurmaq. Sizin missyanız budur", deyə İşxan Sağatelyan bildirib.
Məsələ ilə bağlı "Daşnaksütyun” gənclər birliyi də bəyanat yayıb. Bəyanatda deyilir:
"Təqiblər davam edir və Daşnaksütyun EİF gənclər birliyi antimilli diktator klanının yeni hədəfinə çevrilib. Daşnaksütyun EİF bürosunun üzvü Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulmasından iki həftə sonra Daşnaksütyun EİF Gənclər Birliyinin üzvü Süne Abramyanın da bir neçə saatlıq saxlanılmasından sonra Ermənistana girişi qadağan edilib. Və bu dəfə hər şey izahatsız baş verib.
Abramyan Sünik bölgəsində EİF Daşnaksütyunun gənclər birlikləri tərəfindən təşkil edilmiş görüşlərdə iştirak etməli idi. Biz antixalq hökumətinin bu cür antimilli davranışını rədd edirik və Ermənistan Milli təhlükəsizlik xidmətindən öz vəzifələrinə sadiq qalmağı və milləti parçalayan qərarlarda iştirakını dayandırmağı tələb edirik.
Paşinyanın antimilli diktator klanında belə qadağaların Daşnaksütyun EİF gənclərinin mübarizə ruhunu qıra biləcəyi ilə bağlı illüziyalar olmamalıdır. Əksinə, EİF daha böyük güclə bu çürük rejimin aradan qaldırılması üçün mübarizəni davam etdirəcək".
Telman