Xəbər lenti

Suriya yenidən
Dünya 12:46 30.11.2024

Suriya yenidən "qaynayır": "Dəməşq və Moskva Ankara ilə hesablaşmalı olacaq"

"Livan və Fələstindən sonra növbəti müharibə ocağı Suriya olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu islamçı müxalifət dəstələri və "Azad Suriya Ordusu"nun Suriyanın şimalında Hələb şəhərini ələ keçirmələrini şərh edərkən deyib.

"Suriyada müharibə bitməmişdi, indi yenidən alovlandı. Güman ki, Livan və Fələstindən sonra növbəti müharibə Suriyada olacaq. Buna görə də Bəşər Əsədi Hələbdən vurdular", deyə Kənan Rövşənoğlu əlavə edib.
 
Həmsöhbətimiz hesab edir ki, şəhəri ələ keçirənlər bundan sonra böyük ehtimalla daha da irəliləməyə çalışacaqlar:

"Ancaq bu da Suriya, İran və Rusiya qüvvələrinin reaksiyasından asılı olacaq. Əgər toparlanıb hücumu dayandıra bilməsələr yəqin ki, həmin qüvvələr daha da irəliləyəcəklər". 
 


Kənan Rövşənoğlu deyib ki, Suriyada vəziyyətin belə hal almasında iki maraqlı dövlət var - İsrail və Türkiyə:

"İsrail "Hizbullah"a və Suriyaya gələn yardımların yolunu bağlamaq, İranın Suriyadakı imkanlarını məhdudlaşdırmaq və zəiflətmək üçün bu hücumda maraqlıdır. Dünən Suriya ordusu hərbçilərinin cihazlarının partladılması "Hizbullah"ın peycer və rabitə cihazlarının partlaması ilə eyni taktika idi. İsrail üçün Suriya və İranın zəifləməsi vacibdir. Türkiyənin isə burada öz maraqları var. Ankara və Dəməşq arasında danışıqlar məhz Bəşər Əsəd hakimiyyətinin müxalifləri tərəf olaraq qəbul etməməsi və Türkiyə qüvvələrinin ölkədən çıxarılması şərtinə görə pozulub". 

Ekspertin fikrincə, bu hücumun uğurlu olması Türkiyənin Rusiya və Dəməşq qarşısında masada əlini gücləndirəcək: 

"Yəni Dəməşq və Moskva Ankara ilə hesablaşmalı olacaq. Həm də ərazi üstünlüyü qazanmış olacaq". 

Qeyd edək ki, islamçı müxalifət dəstələri və "Azad Suriya Ordusu" Hələb şəhərini tam ələ keçirib. Suriyada "Heyet Tahrir Şam" (HTŞ) və onun rəhbərlik etdiyi bəzi müxalif silahlı qrupların Hələb çölündə Əsəd rejiminə qarşı başlatdığı hərbi hücumlar davam edir. Son məlumatlara görə, İdlibdən gələn və üç gün ərzində 70-dən çox yaşayış məntəqəsini ələ keçirən silahlı qruplar Hələb şəhərinin mərkəzinə daxil olublar. Silahlı qruplar şəhərin kənarında Həmdaniyyə, Yeni Hələb və Zəhra oxunda rejim qüvvələrinin müdafiə xətlərini yararaq Hələbin mərkəzinə daxil olublar. Qruplar həmçinin M4 və M5 magistrallarının İdlibin cənub-şərqində kəsişdiyi Serakip rayonunu şimal və cənub qollarından mühasirəyə alıblar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->