Türkmənistanın yeni prezidenti, 40 yaşlı Sərdar Berdiməhəmmədovun "islahatları” dünya mediasında əyləncəli mövzular sırasında yer alır. Lakin nəsələ göründüyü qədər də sadə deyil. Sanki Orta Asiyada "Şimali Koreya modeli”nin sınağı həyata keçirilir.
Belə görüntü yaranır ki, Aşqabad bir laboratotiya olaraq seçilib. Bu ölkə hələ Türkmənbaşının vaxtından başlayaraq ekstravaqant liderlərin idarəçiliyindən əziyyət çəkib. Lakin heç kəsin ağlına belə gəlməzdi ki, yüksək təhsil almış, dünya siyasətini bilən gənc Sərdar öz sələflərinə şükür elətdirəcək.
Prezident kürsüsünə əyləşən kimi S. Berdiməhəmmədovun qərarı ilə qadınlara kosmetikadan istifadəyə məhdudiyyət qoyulub, qadınlar avtomobillərin qabaq oturacağında otura bilməzlər. Gözəllik salonlarına getmək az qala ağır cinayət hesab edilir. Gənc qadın və kişilər əl-ələ tutub gəzməyi ağıllarından belə keçirə bilməzlər. Qadınlara saçlarını rəngləmək, az da olsa açıq-saçıq geyinmək qadağan olunub. Hətta kirpik taxan qadınları polis saxlayıb, bölməyə apara bilər.
Bir sözlə, Sərdarın "islahatları” "Taliban”ın hərəkətlərini xatırladır. Bir fərq var ki, ərəb və əfqanlar tarixi ənənələrə söykənərək belə qərarlar qəbul edirdilər, Sərdar isə özü yeni ənənə yaradır. O, nə Quranın hökmlərini ("Taliban”dan fərli olaraq), nə Konstitusiyanın müddəalarını, nə də formalaşmış ənənələri sayır. Bütün dünyanın baş verənləri sakit izləyəcəyi də inandırıcı deyil. Məsələ ondadır ki, coğrafi ərazisinə və qaz ehtiyatlarına görə bölgənin ən mühüm ölkələrindən biri olan Türkmənistan üzərindən yeni oyunlar oynanılır. Yeni "Talibansayağı model” qazla zəngin Türkmənistanı nəzarətdə saxlamağa imkan verə bilərdi, lakin bu ölkədə güc mərkəzlərinin maraqları toqquşub. Hazırda Türkmənistan uğrunda 4 güc mərkəzi mübarizə aparır – Qərb, Rusiya, Türkiyə və Çin. Elə bu mübarizə rəsmi Aşqabadı daha sərt idarəçiliyə keçməyə vadar edir. Lakin bir Asiya ölkəsinin diktatoru böyük güclərə qarşı təkbaşına duruş gətirə bilməz.
Onu da vurğulayaq ki, bir qədər əvvəl Qurbanqulu Berdiməhəmmədovun vaxtından əvvəl hakimiyyətdən getmək qərarı sensasiya doğurdu. Lakin Arxadağ o zaman istefa barədə danışmağa başladı ki, qonşu ölkələrdə ciddi proseslər gedirdi. Hətta Qazaxıstan kimi ciddi bir ölkədə küçə etirazlarını sakitləşdirmək mümkün olmadı və nəticədə Rusiya və Türkiyənin himayə etdiyi Elbaşı – Nazarbayev erasına son qoyuldu. "Qazaxstan uğrunda savaş”da Çinin qalib gəldiyi görünür. Qazaxsıtanın keçmiş prezidenti Nursultan Nazarbayevin yaxın adamlarının hakimiyyətdən uzaqlaşdırılması, qızı Dariqanın dövlət rəhbəri postuna gedən yolunun bağlanması güc mərkəzlərini hadisələri qabaqlamaq və Xəzər sahilində yerləşən mühüm oyunçu ola biləcək Türkmənistanı risk qrupundan uzaqlaşdırmaq barədə düşünməyə vadar etdi. "Nazarbayev sindromu” ciddi siqnal idi. Qazaxıstanın sabiq prezidentinin qızı Dariqa ölkə milyarderləri arasında yeganə qadın idi və Baş nazirin müavini postunu tuturdu. Ona belə rəhm edilmədi. Odur ki, Arxadağın ona təqdim olunan plana baş əyməkdən başqa yolu qalmadı. Hakimiyyətin ötürülməsi ilə bağlı Özbəkistanın birinci prezidenti İslam Kərimovun ailəsinin uğursuz cəhdi və onun vəfatından sonra birinci ailəsinin və qızının başına gələnlər Arxadağı qorxudurdu. Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova ölkənin syasi həyatında aktiv iştirak edib və mümkün varis hesab olunub. Onu növbəti prezident adlandırırdılar. Atasının ölümündən sonra Gülnarə korrupsiyada və hakimiyyəti ələ keçirmək cəhdində günahlandırıldı, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edildi (məhkəmə bu hökmü azadlığın 5 il məhdudlaşdırılması cəzasıyla əvəz etdi, lakin Gülnarə ruhi əsəb dispanserində faktiki həbs həyatı yaşamaqdadır).
Bu baxımdan, bir addım geri çəkilən Arxadağ oğlu ilə birlikdə ölkəni idarə edəcəyini düşünürdü. Onu da qeyd edək ki, ata və oğulun ölkəni birlikdə idarə etməsi də yenilik deyildi. Sinqapurda bu model öz faydasını vermişdi, Kuan Yu hakimiyyəti varisinə ötürəndən sonra bir müddət əsas idarəçi olaraq qalırdı. Bir sözlə, nepotizm Orta Asiyada yenidən siyasi dominantlığını saxlayır. Bu, Arxadağ üçün ən yaxşı variant idi. Qırğızıstanın iki keçmiş prezidentinin - Kurmanbek Bakiyevlə Əskər Akayevin övladları da hakimiyyət iddiasında idilər. Maksim Bakiyev İnvestisiya və İnnovasiyaların İnkişafı Agentliyinə rəhbərlik edib, Bermet Akayeva və Aydar Akayevsə (prezidentin qızı və oğlu) 2005-ci ildə prezident seçkilərinə qatılıblar. Hərçənd heç biri uğur qazana bilmədi. Tacikistanın dəyişməz prezidenti İmaməli Rəhmonun övladları da siyasətlə məşğul olurlar - oğlu Rüstəm Rəhmon Düşənbənin meri, böyük qızı Azadə Rəmonsa Prezident Aparatının rəhbəridir. Onun gələcək dövlət başçısı olacağı ehtimalı da kiçik deyil. Lakin Tacikistanda "Taliban”ın nüfuzu düşünüldüyündən də güclüdür. Orta Asiyada yerləşən yeganə qeyri-türk respublikasında yeganə təhdid mənbəyi də məhz "Taliban”dır. Ümumiyyətlə, Mərkəsi Asiyada "islam amili” önəmlidir və Sərdar da (daha doğrusu, onun rejissorları) bunu anlayır və "Taliban” qoxulu Şimali Koreya modeli”nə keçməklə bu riski önləmək istəyirlər.
Bəs bütün bu oyunlarda əsas məqsəd nədir? Orta Asiya neft və qazla zəngindir. Bu amil də bölgəninin önəmini artırır. Bu baxımdan, ekstravaqant birinin idarəçiliyi öncədən düşünülmüş bir planın tərkib hissəsi olmaya bilməzdi.
Faktlara nəzər salaq.
2006-cı ildə Qazaxıstan və Çinin neft daşıyan orta bölgələrini birləşdirən neft kəmərinin birinci xətti istifadəyə verildi. 2009-cu ildə boru kəmərinin ikinci qolu Xəzər dənizi sahilləri ilə Çini birləşdirdi. Kəmərin ümumi gücü ildə 20 milyon tondur. Eyni zamanda Orta Asiya - Çin qaz kəmərinin tikintisi davam etdi. Ümumi gücü ildə 55 milyard kubmetr olan qaz borusunun üç qolu artıq istifadəyə verilib. Qaz kəməri strukturu Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirdi. Dördüncü qol (daha 30 milyard kubmetr) Tacikistan və Qırğızıstandan keçəcək. Göründüyü kimi, neft savaşı həlledici amildir. Daha bir fakta nəzər salaq. 2001-ci il in 11 Sentyabr terroru dünyanın xəritəsini dəyişdi. Əfqanıstan müharibəsi zamanı ABŞ-ın SSRİ-yə qarşı qaldırdığı hərbi islam birliklərindən ("Əl-Qaidə”nin qərargahı bir vaxtlar Vaşinqtonda yerləşirdi) sülh üçün qlobal təhlükə - xaos aləti kimi istifadə olunmağa başladı. 2011-ci ildə Tehran, Bağdad və Dəməşq (şiə koalisiyası) Avropaya (dənizin dibi ilə Yunanıstana qədər) uzanma perspektivi olan qaz kəmərinin inşasına dair üçtərəfli memorandum imzaladılar. Dərhal sonra Suriyada vətəndaş müharibəsinə çevrilən qiyam başladı. ABŞ-ın Bəşər Əsəd rejimini devirmək cəhdlərinin qarşısını Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında aldılar. Bundan sonra İŞID terrorçuları əks istiqamətə döndülər və bir neçə həftə ərzində İraq ordusunu darmadağın edərək, "İslam Dövləti" adı altında nəhəng bir "boz zona" yaratdılar (hazırda ABŞ-ın işğal zonasıdır). 2014-cü ildə Vaşinqton Bolqarıstanı şantaj yolu ilə "Cənub axını”ndan imtinaya məcbur etdi və o dərhal "Türk axınına” çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə üzünü türk respublikalarına tutdu. ABŞ Türkiyə ordusundakı təsir dairəsini işə saldı, türk ordusu əvvəlcə Rusiya təyyarəsini vurdu, sonra da Ərdoğanı devirməyə cəhdi etdi. 2017-ci ildə Qətər (Rusiya və İranla birlikdə "Böyük Qaz üçlüyü”nə daxildir) Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum, GECF) çərçivəsində mövqelərini İran və Rusiyaya yaxınlaşdırmağa çalışdıqdan sonra cəzalandlrıldı. Bir il əvvəl Qətər Əmiri ilk dəfə Rusiyaya rəsmi səfər etmiş və Qətərin Suveren Fondu "Rosneft”in özəlləşdirilməsində iştirak edərək, onun səhmlərinin 19,5 faizini 10,2 milyard avroya almışdı. GECF-in növbəti iclası Moskvada keçirilməli idi. Ancaq bu zaman etnik və dini cəhətdən qonşu və dost ölkələr Qətərə blokada və embarqo elan etdilər.
Neft və qaz uğrunda savaş davam edir və ABŞ-ın məqsədi Rusiya və ya İran qazı ilə rəqabət aparmaq deyil. Məqsəd hər iki qazı dənizə qovmaqdır. Suriya və Əfqanıstan İranı Hind okeanına doğru itələyirlər. Ukrayna və "Şimal axını–2” marşrutuna qarşı sanksiyalar rusları qabaqlayıcı addımlar atmağa vadar edir. Dünya enerji bazarının yeni konfiqurasiyası formalaşandan sonra Vaşinqton artıq nə qazın milliyyəti, nə də qiyməti ilə maraqlanacaq. Bu prosesdə ən mühüm ərazi Türkmənistandır. Türkmənistan qazının İran vasitəsilə Avropaya nəqlinə dair açıq müzakirə olunan hələlik heç bir layihə yoxdur, lakin təhlilçilərə görə, Avropa İttifaqında İrana Rusiyadan yan keçən "cənub dəhlizlərindən" biri kimi baxılır. İranla ortaq sərhədə malik Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir. Türkmənistan hazırda Çinə lazım olan qazın tən yarısını təchiz edir. Rusiyanı çıxmaq şərtilə Türkmənistanın öz qazını Avropaya çatdırması üçün infrastrukturu yoxdur. Çin amili yenidən qabarır. Bir sözlə, əməldə "Taliban”ı yamsılayan Sərdar, əslində, "Çin dili”ndə danışır. Çin bölgənin əsas fiquru olduğunu əməldə sübuta yetirir, lakin yəqin ki, bunun bir cavabı olacaq...
Azər Rəşidoğlu